"Space TV" bank hesablarına qoyulan həbs xəbərlərinə dair açıqlama yayıb.
Lent.az xəbər verir ki, "Space TV" açıqlamada Vado Korovini günahlandırır:
"Bəhs olunan 140 min 313,06 ABŞ dolları məbləğində borc 2021-ci ildə "Xalq Bank" ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə formalaşmış öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranıb. Belə ki, banka ən son ödəniş 2024-cü il yanvar ayının 19-da həyata keçirilmişdir.
Bu öhdəliklərin vaxtında icra edilməməsinə görə bütün məsuliyyət 2023-cü ilin fevral ayından Space TV-yə rəhbərlik etmiş Vado Korovinin üzərinə düşür.
Keçmiş baş direktor Vado Korovin və o vaxtkı icraçı direktor Nəriman Abdul-Əliyev televiziya idarəçiliyi sahəsində peşəkar yanaşma nümayiş etdirmək əvəzinə, uzun illər formalaşmış televiziya idarəetmə prinsiplərindən uzaq bir idarəçilik modeli tətbiq etmiş, nəticədə kanal sistemli şəkildə zəiflədilmiş, peşəkar media qurumu kimi inkişaf etdirilmək əvəzinə qeyri-sistemli və xaotik idarəetmə yanaşmasının təsiri altında fəaliyyət göstərmişdir. Bu idarəçilik nəticəsində maliyyə intizamı pozulmuş, strateji inkişaf zəifləmişdir.
Bundan başqa, kanalın maddi-texniki bazası faktiki olaraq iflic vəziyyətinə salınıb.
Balansda olan 24 xidməti avtomobildən cəmi 2-si işlək vəziyyətdə olmuş, avtomobillərin və texniki avadanlıqların təmiri və yenilənməsi illərlə həyata keçirilməmiş, studiyalar baxımsız saxlanılmış, kanalın texniki infrastrukturu müasir televiziya tələblərindən geri qalıb.
Qeyd olunan dövrlər üzrə baş vermiş maliyyə və təsərrüfat pozuntuları ilə bağlı ilkin araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsinə uyğun olaraq qanunvericiliyin nəzərdə tutduğu bütün hüquqi addımlar atılacaq.
Bununla yanaşı, ictimaiyyətin diqqətinə çatdırırıq ki, məhkəmənin qəbul etdiyi qərar müvəqqəti təminat tədbiridir və qərarın özündə də qeyd olunduğu kimi, bu tədbir əməkhaqqılarının ödənilməsinə, dövlət büdcəsinə vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə heç bir məhdudiyyət yaratmır. Space TV normal fəaliyyətini davam etdirir.
Hazırda kanalda genişmiqyaslı islahat proqramı həyata keçirilir. Hazırda Space TV proqram siyasətini tamamilə yenidən formalaşdırır.
Space TV əmindir ki, əvvəlki dövrdən miras qalmış bütün maliyyə və hüquqi problemlər qanun çərçivəsində həll olunacaq, aparılan islahatlar isə kanalın inkişafını təmin edəcək", - deyə açıqlamada qeyd olunub.
***
saat 14:30
“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub.
Lent.az “qaynarinfo”ya istinadən xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.
İş materiallarına əsasən, 2021-ci ildə “Space TV”yə “Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ dolları məbləğində kredit xətti açılıb.
Bankdan bildirilib ki, şirkətin kredit öhdəliklərini vaxtında yerinə yetirməməsi nəticəsində 118 380,87 ABŞ dolları gecikdirilmiş əsas borc, 9 901,62 ABŞ dolları adi faiz və 12 030,57 ABŞ dolları penya olmaqla, ümumilikdə 140 313,06 ABŞ dolları borcu yaranıb.
“Xalq Bank” gələcəkdə qəbul oluna biləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədilə “Space TV”nin bank hesabları üzərinə həbs qoyulmasını istəyib.
Məhkəmə ərizəni qismən təmin edərək “Space TV”nin “Xalq Bank” istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən digər banklardakı hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulmasına qərar verib.
Qərara əsasən, tətbiq edilən həbs işçilərin əməkhaqlarının ödənilməsinə, eləcə də dövlət büdcəsinə vergi, sosial və digər zəruri ödənişlərin həyata keçirilməsinə məhdudiyyət yaratmır.
HadisələrMənbə: lent.az