İndoneziyanın Sulavesi adası yaxınlığında 13 nəfərin olduğu sürətli qayığın itkin düşməsindən sonra genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, göyərtəsində Avropadan olan 11 turist və iki yerli ekipaj üzvü olan qayıq məşhur turizm bölgəsində yoxa çıxıb. Gəmi təyinat limanına çatmayıb və bir müddətdir onunla əlaqə saxlamaq mümkün deyil.
Qayıq cümə günü səhər saatlarında Mərkəzi Sulavesi əyalətinin Toko-Una-Una rayonundan yola düşərək qonşu Qorontalo əyalətində yerləşən Marisa limanına istiqamət alıb. Lakin müəyyən olunmuş vaxtda limana çatmayıb.
Qayığın itkin düşməsi ilə bağlı ilk məlumatı turistləri qarşılamalı olan yerli bələdçi verib. O, yerli vaxtla saat 15:40-da xilasedicilərlə əlaqə saxlayaraq qayığın təyinat nöqtəsinə gəlmədiyini bildirib.
Hazırda xilasedicilər itkin düşən qayığın və göyərtəsində olan insanların tapılması üçün axtarış əməliyyatlarını davam etdirirlər. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Hadisələr dünyadan xəbərlərMənbə: lent.az