Mətbəx üçün soyuducu seçərkən onun ölçüsü qədər düzgün yerləşdirilməsi də vacibdir. Mütəxəssislərin sözlərinə görə, soyuducu ilə divar arasında kifayət qədər boşluq saxlanılmasa, cihaz daha çox enerji sərf edə, daha tez sıradan çıxa və məhsulları lazımi temperaturda saxlaya bilməyə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, istehsalçıların tövsiyələri modeldən asılı olaraq fərqlənsə də, onların hamısı cihazın ətrafında hava dövranının təmin edilməsinin vacibliyini vurğulayır. Məsələn, LG soyuducunun arxa və yan hissələri ilə divar arasında təxminən 10 santimetr, üst hissə ilə tavan arasında isə 30 santimetr boşluq saxlanılmasını tövsiyə edir. KitchenAid isə yan və üst hissələrdə 6,35 millimetr, sabit divarın yanında quraşdırılarkən isə ən azı 6,35 santimetr məsafə qoyulmasını məsləhət görür. Samsung ideal şəraitdə cihazın hər iki yanında 5-7 santimetr boşluq olmasını tövsiyə edir. Yer məhduddursa, minimum 2-3 santimetr məsafənin saxlanılması vacib hesab edilir.
Soyuducuya niyə boş yer lazımdır?
Soyuducu işləyərkən daxildəki istiliyi xaricə ötürür. Bu proses kompressor, kondensator və buxarlandırıcı vasitəsilə həyata keçirilir. Əgər cihazın ətrafında hava sərbəst dövr etmirsə, isti hava yığılır və soyuducu daha çox işləməyə məcbur qalır.
Nəticədə:
elektrik enerjisi sərfiyyatı artır;
kompressor daha tez köhnəlir;
soyutma keyfiyyəti zəifləyir;
temperatura həssas qidaların keyfiyyəti pisləşə bilər.
Bu səbəbdən mütəxəssislər soyuducunu divara və mətbəx mebellərinə tam sıx vəziyyətdə yerləşdirməməyi tövsiyə edirlər. Düzgün hava dövranı həm cihazın ömrünü uzadır, həm də elektrik sərfiyyatını azaltmağa kömək edir.
Ev soyuducuMənbə: lent.az