ABŞ-ın səhiyyə nəhəngi “Johnson & Johnson” tərkibində talk olan uşaq pudrası və digər məhsullarının yumurtalıq xərçənginə səbəb olduğu iddiaları ilə bağlı on minlərlə məhkəmə işini 5,5 milyard dollarlıq razılaşma ilə həll etməyə razılaşıb.
Lent.az xəbər verir ki, şirkətin açıqlamasına görə, razılaşma federal və ştat məhkəmələrində baxılan təxminən 69 min işi əhatə edir və bu, mövcud iddiaların 99,75 faizini təşkil edir.
Razılaşmanın qüvvəyə minməsi üçün məhkəmənin təsdiqi tələb olunur.
Johnson & Johnson bütün iddiaları rədd etdiyini və talk tərkibli məhsullarının təhlükəsiz olduğunu bildirsə də, uzun illərdir davam edən hüquqi mübahisələrə son qoymaq məqsədilə bu addımı atdığını açıqlayıb.
Şirkət ABŞ-da talk tərkibli uşaq pudrasının satışını 2020-ci ildə, dünya üzrə isə 2023-cü ildə dayandıraraq məhsulu qarğıdalı nişastası əsaslı alternativlə əvəz etmişdi.
Johnson & Johnson
Mənbə: lent.az