Bir çox insan ən azı bir dəfə belə bir fikir eşidib: “Eynək taxmağa başlasan, gözlərin ona öyrəşəcək və görmən daha da pisləşəcək”. Halbuki bu, göz sağlamlığı ilə bağlı ən geniş yayılmış miflərdən biridir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onilliklərdir ki, eynəyin gözləri “tənbəlləşdirdiyi” və ya ondan asılılıq yaratdığı düşünülür. Məntiq sadə görünür: insan eynək taxmağa başlayandan sonra eynəksiz əvvəlkindən daha pis görür. Ancaq bunun səbəbi eynək deyil. ABŞ-ın Cleveland Clinic tibb mərkəzinin məlumatına görə, oftalmoloq Hizer Çimino bildirir ki, düzgün seçilmiş eynək yalnız işığın gözə düşmə bucağını dəyişərək tor qişada aydın görüntü formalaşdırmağa kömək edir. Eynək gözün quruluşuna təsir etmir və görmənin pisləşməsini sürətləndirmir.
Bu səbəbdən eynək aşağıdakı problemlərin korreksiyasında effektiv hesab olunur:
Yaxını görməmək (miopiya)
Uzağı görməmək (hipermetropiya)
Bulanıq və ya qeyri-dəqiq görmə
Oxuma və yaxındakı əşyalara fokuslanmaqda çətinlik
Eynəyin nömrəsi niyə dəyişir?
İllər keçdikcə görmənin dəyişməsi eynəyin zərərli olması demək deyil. Bu, insan orqanizminin təbii qocalma prosesidir. Gözlərin fokuslanma qabiliyyəti gənc yaşlarda ən yüksək səviyyədə olur.
Zaman keçdikcə bu xüsusiyyət zəifləyir və buna görə də 40 yaşdan sonra bir çox insan xırda yazıları oxumaqda çətinlik çəkdiyini hiss edir. Görmə ən sürətlə uşaqlıq və yeniyetməlik dövründə dəyişdiyi üçün uşaqların mütəmadi olaraq göz müayinəsindən keçməsi tövsiyə olunur. Lakin göz tam formalaşdıqdan sonra da dəyişikliklər davam edir. Yaş artdıqca göz bülluru elastikliyini itirir, göz yaşı ifrazı azalır və göz daxilində baş verən dəyişikliklər görmə keyfiyyətinə təsir göstərir.
Nəticədə aşağıdakı problemlər yarana bilər:
Katarakta
Göz önündə "uçuşan nöqtələr" (mouches)
Qlaukoma
Yaşa bağlı makula degenerasiyası
Yəni gözün forması dəyişməsə belə, daxildə baş verən yaşlanma prosesləri görmənin zəifləməsinə səbəb olur.
Köhnə və ya səhv nömrəli eynək taxmaq təhlükəlidirmi?
Düzgün seçilməmiş eynək görməni korlamır, lakin ciddi narahatlıqlar yarada bilər. Ən çox rast gəlinən əlamətlər bunlardır:
Gözlərin tez yorulması
Baş ağrısı
Bulanıq və ya təhrif olunmuş görüntü
Başgicəllənmə
Yeni eynək taxmağa başladıqdan sonra qısa uyğunlaşma dövrünün olması da normaldır. İlk günlər görüntü bir qədər fərqli görünə bilər. Adətən beyin buna bir-iki həftə ərzində uyğunlaşır. Əgər narahatlıqlar keçmirsə və ya daha da artırsa, yenidən oftalmoloqa müraciət etmək lazımdır. Həkim reseptin düzgün yazılıb-yazılmadığını və eynəyin keyfiyyətlə hazırlanıb-hazırlanmadığını yoxlayacaq.
Çünki düzgün görmə korreksiyası yalnız rahatlıq deyil, həm də təhlükəsizlik baxımından vacibdir. O, mətnləri rahat oxumağa, rəqəmləri düzgün seçməyə və avtomobili təhlükəsiz idarə etməyə imkan verir.
Niyə eynəyi çıxardıqdan sonra elə bilirik ki, görmə daha da pisləşib?
Məhz bu hiss insanların "eynək görməni korlayır" fikrinə inanmasına səbəb olur. Əslində isə beyin aydın görüntüyə öyrəşdikdən sonra eynəksiz bulanıq görmə əvvəlkindən daha narahat hiss olunur. Bu, gözlərin vəziyyətinin pisləşməsi deyil, sadəcə beynin daha keyfiyyətli görüntüyə alışmasıdır. Başqa sözlə, eynək görməni zəiflətmir. Sadəcə, gözlərin əslində nə qədər aydın görə biləcəyini göstərir. Buna görə də eynək çıxarıldıqda bulanıq görüntü daha çox hiss edilir.
Göz sağlamlığını necə qorumaq olar?
Mütəxəssislər düzgün seçilmiş eynək və ya kontakt linzalardan istifadə etməklə yanaşı aşağıdakı qaydalara əməl etməyi tövsiyə edirlər:
Hər 20 dəqiqədən bir ekran qarşısında fasilə vermək;
Zərurət olduqda mavi işıq filtrli eynəklərdən istifadə etmək;
Həmişə aktual reseptə uyğun eynək və ya kontakt linza taxmaq;
Balanslaşdırılmış qidalanmaya diqqət yetirmək;
Görmədə qəfil dəyişiklik və ya hər hansı narahatlıq yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək.
Eynək nə görməni korlayır, nə də ondan asılılıq yaradır. Görmənin dəyişməsi əsasən təbii yaşlanma prosesləri ilə bağlıdır. Düzgün seçilmiş eynək isə yalnız dünyanı daha aydın, rahat və təhlükəsiz görməyə kömək edir.
Sağlıq eynək göz sağlamlığıMənbə: lent.az