IMG-LOGO

500 illik kartof çipsləri tapıldı

28 Jul 2026 10:43 3 baxış
IMG
2 0

Perunun cənubunda arxeoloqlar təxminən 500 il əvvələ aid iki kartof parçası aşkarlayıb. “Live Science” nəşrinin məlumatına görə, tapıntı İnka imperiyası dövrünə aiddir və adi kartof deyil, qədim üsulla qurudulmuş “çunyo” adlı məhsuldur.

Lent.az xarici mediaya istinadla bildirir ki, çunyonun hazırlanma üsulu And dağlarının sərt iqliminə əsaslanıb. Kartof gecələr şaxtada saxlanılıb, gündüzlər isə qızmar günəş altında qurudulub. Bu proses bir neçə dəfə təkrarlanıb. Nəticədə kartofun tərkibindəki nəmin demək olar ki, hamısı çıxıb, məhsul yüngülləşib və uzun illər, hətta onilliklər ərzində xarab olmadan saxlanıla bilib.

Tapıntı Akari vadisində yerləşən və vaxtilə inkaların inzibati mərkəzi olmuş Tambo-Vyexo ərazisində aparılan qazıntılar zamanı üzə çıxarılıb. Mütəxəssislər bildiriblər ki, belə üzvi qalıqların əsrlər boyu qorunub saxlanılması çox nadir hadisədir və bu səbəbdən onlar böyük elmi əhəmiyyət daşıyır.

Maraqlıdır ki, çunyo yalnız And dağlarının yüksək hissələrində hazırlana bilib. Çünki gecə temperaturunun kartofu donduracaq qədər aşağı düşməsi vacib olub. Tambo-Vyexo isə Sakit okean sahillərinə daha yaxın ərazidə yerləşib.

Alimlərin fikrincə, hazır məhsul yüzlərlə kilometr uzaqdan buraya daşınıb. Ehtimal olunur ki, çunyo inkaların qurduğu geniş yol şəbəkəsi boyunca lama karvanları vasitəsilə inzibati mərkəzə gətirilib.

dünyadan xəbərlər maraq maraqlı xəbərlər

Mənbə: lent.az

Xəbər lenti