Dünya xəritəsinə baxarkən Yer kürəsindəki hər qarış torpağın hansısa dövlətə məxsus olduğunu düşünmək olar.
Lent.az xəbər verir ki, lakin Afrikanın şimal-şərqində, Misirlə Sudan arasında yerləşən 2 060 kvadratkilometrlik Bir-Tavil səhrası heç bir ölkəyə aid olmayan nadir torpaq sahəsi kimi tanınır.
Quraq və yaşayış olmayan bu ərazi beynəlxalq hüquqda “terra nullius”, yəni “sahibsiz torpaq” adlandırılır. Antarktidanın ucsuz-bucaqsız buzlaqlarını nəzərə almasaq, Bir-Tavil heç bir dövlətin rəsmi şəkildə ərazi iddiası irəli sürmədiyi yeganə bölgələrdən biri hesab olunur.
İki böyük ölkənin arasında yerləşən bu ərazinin heç kim tərəfindən istənilməməsinin səbəbi təkcə təbii sərvətlərin azlığı deyil. Əsas səbəb illərdir davam edən mürəkkəb diplomatik və hüquqi qarşıdurmadır.
Bu qeyri-adi coğrafi vəziyyətin kökü XIX əsrin sonlarında britaniyalıların çəkdiyi sərhəd xəritələrinə gedib çıxır. Böyük Britaniya 1899-cu ildə Misirlə Sudan arasındakı sərhədi 22-ci paralel boyunca düz xətt şəklində müəyyən edib.
Bu sərhədə əsasən, Bir-Tavil Sudan ərazisində, onun şərqində, Qırmızı dəniz sahilində yerləşən daha böyük və dəyərli Həlaib üçbucağı isə Misirin nəzarətində qalıb.
Lakin Britaniya administrasiyası cəmi üç il sonra — 1902-ci ildə bölgədə yaşayan tayfaların məskunlaşma ərazilərini və su mənbələrini nəzərə alaraq yeni inzibati sərhəd çəkmək qərarına gəlib. Yeni xəritəyə əsasən, Bir-Tavil Misirin idarəçiliyinə verilib, Qırmızı dəniz sahilində yerləşən və zəngin təbii ehtiyatlara malik Həlaib üçbucağı isə Sudanın nəzarətinə keçib.
İki ölkə arasında yüz ildən artıq davam edən sərhəd dalana da məhz bu qərar səbəb olub.
Hazırda Misir 1899-cu ildə müəyyən edilmiş sərhəd xəttinin hüquqi qüvvəyə malik olduğunu bildirir. Sudan isə 1902-ci ildə çəkilmiş inzibati sərhədin qanuni olduğunu müdafiə edir. Hər iki ölkənin əsas məqsədi Qırmızı dənizə çıxışı və zəngin yeraltı sərvətləri olan Həlaib üçbucağına sahib olmaqdır.
Burada hüquqi paradoks yaranır: ölkələrdən biri Bir-Tavil üzərində ərazi iddiası irəli sürərsə, müdafiə etdiyi sərhəd xəttindən və nəticədə Həlaib üçbucağına olan iddiasından imtina etmiş sayılar. Bunun siyasi və iqtisadi nəticələri ağır olduğuna görə nə Misir, nə də Sudan Bir-Tavili öz ərazisi kimi qəbul edir.
Sahibsiz və unudulmuş bu torpaq sahəsi zaman-zaman maraqlı hadisələrlə də gündəmə gəlib. 2014-cü ildə ABŞ vətəndaşı qızının şahzadə olmaq arzusunu gerçəkləşdirmək üçün çətin səfərə çıxaraq Bir-Tavilə gedib.
O, səhrada hazırladığı bayrağı sancaraq “Şimali Sudan Krallığı” adlı yeni dövlət yaratdığını elan edib. Təbii ki, bu cür şəxsi təşəbbüslərin beynəlxalq hüquqda heç bir qüvvəsi və tanınması yoxdur.
Bir-Tavil bu gün də istinin və qumun hökm sürdüyü böyük bir boşluğun içində, beynəlxalq diplomatiyanın həll olunmamış düyünlərindən biri kimi sahibsiz qalmaqda davam edir.
dünyadan xəbərlər maraq maraqlı xəbərlər



Mənbə: lent.az