Tulanın "Arsenal" komandasının keçmiş hücumçusu Lamek Banda Zambiyada keçirdiyi toydan sonra itkin düşüb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 25 yaşlı oyunçu 2022-ci ildən bəri oynadığı "Leççe"nin mövsümöncəsi təlim-məşq toplanışı üçün Avstriyaya gələ bilməyib. Banda iki həftədir ki, klub və ya agenti ilə əlaqə saxlamır. Əvvəlcə sənəd problemlərini qeyd etsə də, sonra sadəcə zənglərə cavab verməyi dayandırıb.
2019/20 mövsümündə Banda Tulanın “Arsenal” klubunda çıxış edib. O, Rusiya klubunda 13 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Bundan sonra Tula Bandanı iki dəfə İsrail çempionatına icarəyə göndərib.
2022-ci ilin yayında “Makkabi” Petah-Tikva “Arsenal”dan Bandanı 300 min avroya alıb, bir ay sonra onu iki milyon avroya yenidən “Leççe”yə satıb. O, İtaliya klubunda 109 oyun keçirib, 9 qol vurub, 12 məhsuldar ötürmə verib.
Banda həmçinin Zambiya milli komandasında 22 oyun keçirib və üç qol vurub. Ötən qış Banda milli komandanı Afrika Millətlər Kubokunda təmsil edib və Zambiya qrup mərhələsindən çıxa bilməyib.
İdman xəbərləri
Mənbə: lent.az