IMG-LOGO

Heç oxuya bilməyən xanım müğənnilərimiz çoxdur - Yaşar Cəlilovla MÜSAHİBƏ

31 Jul 2026 17:33 3 baxış
IMG
0 0

Bir vaxtlar "Bilməzdim" mahnısı ilə milyonların sevgisini qazanan Yaşar Cəlilov qısa müddətdə Azərbaycan estradasının ən çox müzakirə olunan simalarından birinə çevrilmişdi. Lakin uğurlu başlanğıcdan sonra müğənni əvvəlki qədər efirlərdə görünmədi və uzun müddət mediadan uzaq qaldı. Bəs bu illər ərzində onun həyatında nələr baş verib?

Lent.az-a müsahibəsində Yaşar Cəlilov həm sənət yolundan, həm də şəxsi həyatında yaşadığı çətinliklərdən danışıb.

- Hazırda hansı yenilikləriniz var, hansı mahnılar üzərində çalışırsınız?

- Əslində tətildəyəm. İşlədiyim yeni mahnılarım var. Sözləri və musiqisi Gülnar Soltanova, aranjimanı Elşən Axundova məxsus olan "Ola bilməz" adlı ritmik mahnım var. Bu mahnının klipini sentyabrda çəkəcəyik. Yəni işin yarı hissəsini görmüşəm. Ümumiyyətlə, yaxşı, hit mahnı axtarışındayam. Yəni, dostlarımız da yaxşı mahnılar olanda göndərirlər. 

- "Bilməzdim" mahnısı ilə məşhurlaşsanız da, sonradan fəaliyyətinizdə durğunluq yaşanmağa başladı. Sizcə, niyə sonrakı mahnılarınız "Bilməzdim" qədər populyarlıq qazandırmadı?

- “Bilməzdim” mahnısını 2025-ci ildə “Facebook”da paylaşanda baxış 9 milyon idi, bu günlərdə 14 milyona çatıb. Yəni, 1 il ərzində 5 milyon baxış qazanıb. Bu, bizim uğurumuzdur. Çünki bu mahnı 2011-ci ildə çıxıb və həmin dönəmdə nə “Instagram”, nə “Tik-Tok” var idi, “Youtube” isə heç bu qədər populyar deyildi.

“Bilməzdim” mahnısını aldığım bəstəkardan 5 mahnı oxumuşam. Tərlan Məmmədzadə yaxın dostumdur. Hər dəfə düşünmüşük ki, bu partlayış olacaq, olmayıb.

Zövqlər müxtəlifdir və son illər daha da dəyişib. Bu sənətdə isə şans çox önəmlidir, həmin şans bir dəfə gəlib səni tapır. "Bilməzdim" mahnısı qədər mənə uğur gətirən bir layihə də etdim.

Xalq artisti Röya Ayxanla duet oxumuşam, bundan böyük uğur yoxdur. Mənim üçün bu şərəf idi. Sən fəaliyyətini davam etdirirsənsə, samballı mahnılar ifa edirsənsə, bunun özü belə böyük uğurdur. Bəli, “Bilməzdim” mahnısı sevilib, amma yerimdə dayanmamışam. Ayda, ildə bir mahnı çıxartmıram, nə də 3 gündən bir mahnı çıxartmıram. Davamlı olaraq axtarışdayam. 

- Röya Ayxanla duetiniz də sevilmişdi, baxmayaraq ki, izlənməsi az idi. Başqa kimlərlə duet oxumaq fikriniz var?

- Röya xanımdan başqa kimlə oxuya bilərəm ki?! Ən pik səviyyədə olan, ən çox sevilən, ən çox tamaşaçısı olan Xalq artisti ilə duet oxumuşam. Ondan sonra yenə onunla oxumaq istəyərdim. 

Zülfiyyə Xanbabayeva ilə də duet istəyərdim. Röya xanıma isə yenidən müraciət etmişəm, inşallah, birinci duetimizdən daha uğurlu mahnı olacağı təqdirdə göndərəcəyəm. O da bəyənərsə, bu işi reallaşdıracağıq. 

- Bəlkə, fərqli bəstəkarlara da müraciət edərdiniz...

- Aygün Səmədzadə ilə işləmək istəyərdim. Məncə, onunla mütləq qarşılaşıb bu barədə danışacağıq. Aygün xanım icazə versə, bu baş tutacaq. İstəmirəm ki, zəng edim, istəyirəm ki, üzbəüz danışıb ona istəyimi bildirim.

- Ümumiyyətlə, tək siz deyil, sizinlə eyni illərdə populyarlıq qazanan əksəır gənc müğənnilər bir mahnı ilə parlayıb daha sonra səhnədən çəkilməyə başladı. Bu gün isə sizdən daha çox "bayağı" adlandırılan müğənnilər dinlənilir. 

- Bizim evlənən, boşanan yaşımıza düşdü. Kimi ailəsində itki yaşadı. Hərəmiz bir tərəfə uzaqlaşadıq. Sadəcə olaraq onların şansı gətirdi. Bayağı musiqilərdən uzağam. Çalışdığım qədər həmin insanlarla da bir araya gəlmirəm. Amma bir də görürsən, elə məclis olur ki, orada onlar da olur, məndə oluram. Mən heç kəsin işini pisləmirəm. Müğənnilər var "Youtube" üzərindən qazanır, amma bayağıdır, müğənnilər var, bayağı deyil, bütün günü efirdədir, amma dolanışığı zəifdir. Yəni, baxanda görünür ki, bu, oxuya bilmir, amma bayağıdır, çox qabaqdadır, brend geyinir. Amma bu biri oxuya bilir, amma brend geyinmir, toylara çağırılmır. 

- Toylara dəvət alanda "bayağı" mahnı istənilir?

- Əvvəlcədən deyirəm ki, bayağı mahnı səsləndirməyəcəyəm. Fonaqrama oxumayacağam. Sənin məclisində xalq, bəstəkar mahnıları səsləndirəcəyəm. 

- Amma dəvət edənin də öz istəkləri ola bilər.

- Məcbur qalıb davam edirəm.

- Belə görürəm ki, sənətinizlə bağlı çox senzura qoyursunuz.

- Mənim üçün senzura çox önəmlidir. Sənətimə qarşı çox sərt və diqqətciləm, çünki bu mənim arxivimdir. Müğənni olmaq o demək deyil ki, atılıb-düşməlisən. Hər şeyin öz yeri var. Baxırsan, oğlandır, amma “Instagram”da mayka ilə şəkil paylaşıb. Mən bunu qəbul edə bilmirəm. Pis baxmıram e, özləri bilər. Saçına rəng qoyur, qaşını alır, sırğa taxır - mən bunlara normal yanaşmıram, bunları edə bilmərəm.

- Bu gün fonoqrama oxuyanlar daha çoxdur, yoxsa canlı ifa edənlər?

- Səsi olmayıb fonoqrama oxuyanlar o qədərdir ki. Amma səsi olmayıb fonoqrama oxuyanlar içində xanımlar daha çoxdur. Kişi ifaçılar heç olmasa, az da olsa, oxuya bilirlər. Amma heç oxuya bilməyən xanım ifaçılarımız çoxdur. 

- Pandemiya dövründə deyəsən, restoranlar üçün toyuq satırdınız. Bu gün müğənnilik etməsəniz,  gəlir sahəniz yenidən bu olar?

- Biznesi çox sevirəm və bizneslərim var. Karantin dövründə restoranlara toyuq satmışam. Rüfət Axundovun restoranına toyuğu bizim çalışdığımız şirkət verirdi. Kişi işləməlidir də. Kişi özünü geri çəkməli deyil, sinəsini işə verməyi bacarmalıdır. Bizim müğənnilərimizin bir çoxu taksi sürürdü, bəziləri aboy vurmağa gedirdi. Bu, normaldır. Kişi kimi ailəsini saxlayardı.

- Gələn il karyeranızın 20 illiyidir. Yubileyə özəl olaraq konsert verməyi düşünürsünüz?

- Konsert vermək böyük büdcə tələb edir. O büdcəni mən də toplayanda mütləq konsert verəcəyəm. Çünki artıq tamaşaçılarıma hesabat verməliyəm. Amma hazırda bu, mümkün deyil. 

- Bildiyim qədərilə, həyat yoldaşınızdan boşandıqdan sonra qızınızı görə bilmirdiniz. İndi vəziyyət necədir?

- Hazırda hər şey yaxşıdır. Qızım böyüyüb. Onunla görüşürük, vaxt keçirə bilirik. 

müğənni Yaşar Cəlilov müsahibə bəstəkar hit mahnı Bilməzdim

Mənbə: lent.az

Xəbər lenti