ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə nadir torpaq metalları üzrə sövdələşmənin çox sərfəli olduğunu bildirib.
"Report" xəbər verir ki, Tramp bu barədə Ağ Evdə kabinetin iclasında deyib.
"Ukrayna nadir torpaq elementləri baxımından çox zəngin, çox məhsuldar torpağa malikdir. Bizim nadir torpaq elementlərinə dair müqaviləmiz imzalanıb. Biz istənilən vaxt oradan, demək olar, istədiyimiz hər şeyi götürə bilərik", - o bildirib.
Xatırladaq ki, 2025-ci ilin aprelində ABŞ və Ukrayna nümayəndələri Vaşinqtonda faydalı qazıntılar haqqında saziş imzalayıblar. Saziş birgə investisiya fondunun yaradılmasını nəzərdə tutur. Kiyev yeni rentanın və faydalı qazıntıların hasilatı üzrə lisenziyanın 50 %-ni oraya daxil edəcək. Fondun idarə edilməsi üzrə hüquqlar bərabər şəkildə bölünüb.
Mənbə: report.az