IMG-LOGO

SOCAR-ın operatorluğu dövründə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 130 milyard kubmetrdən çox qaz nəql olunub

01 Aug 2026 15:49 4 baxış
IMG

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri (CQBK) ilə 2021-ci il avqustun 1-dən 2026-cı il avqustun 1-dək ümumilikdə 130,4 milyard kubmetr həcmində qaz nəql olunub.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata əsasən, bu gün SOCAR-ın CQBK üzrə operatorluq fəaliyyətindən 5 il ötür.

Bu ilin yanvar-iyun aylarında CQBK vasitəsilə 11 milyard 442,2 milyon kubmetr qaz nəql edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,84 % artım deməkdir.

Qeyd edək ki, "SOCAR Midstream Gas Operations" MMC 2015-ci ildən CQBK-nin kommersiya operatoru, 2021-ci ildən isə texniki operatorudur.

Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından çıxarılan qaz Azərbaycan, Gürcüstan və Türkiyə istiqamətində ixrac edilir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonunda istifadəyə verilib və "Şahdəniz" yatağının birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqlinə start verilib. 2018-ci ilin yay aylarından etibarən isə "Şahdəniz" yatağının ikinci mərhələsi üzrə hasil edilən qaz genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyəyə - TANAP boru kəmərinə təhvil verilməsinə başlanılıb.

Mənbə: report.az

Xəbər lenti