IMG-LOGO

Göz yaşlarına hazır olun: Sevgi haqqında ən təsirli 7 film

01 Aug 2026 17:00 4 baxış
IMG
6 0

Sevgi hər zaman xoş sonluqla bitmir. Bəzən o, insanı çətin seçimlər qarşısında qoyur, bəzən isə ən ağır sınaqlardan keçərək əsl hisslərin gücünü ortaya çıxarır.

Lent.az sözügedən mövzudan bəhs edən 7 maraqlı filmi təqdim edir:

"We Live in Time" (2024)

Gənc aşpaz Almut təsadüf nəticəsində boşanmadan sonra çətin günlər yaşayan Tobiasla tanış olur. Onların sevgisi sürətlə böyüsə də, ölümcül xəstəlik hər şeyi dəyişir. Film insanın sahib olduğu hər anın dəyərini və sevginin ən ağır günlərdə belə necə ümid verdiyini təsirli şəkildə göstərir.

"The Drama" (2026)

Toya cəmi bir həftə qalmış Çarli və Emmanın münasibəti gözlənilməz etiraflarla sarsılır. Keçmişin sirləri və daxili qorxular onların sevgisini ciddi sınağa çəkir. Film həqiqətin münasibətləri necə dəyişdirə biləcəyini araşdırır.

"A Hidden Life" (2019)

Həqiqi hadisələrə əsaslanan ekran əsərində Avstriyalı fermer Frans Yegerştetter nasist rejiminə sədaqət andı içməkdən imtina edir. Azadlığını itirsə də, həyat yoldaşı Fanni sonadək onun yanında qalır. Bu film sevgi, vicdan və insan ləyaqətinin gücündən bəhs edir.

"Eternity" (2025)

Fantastik elementlərlə zəngin bu romantik dramda hər insan ölümündən sonra əbədiyyəti kiminlə keçirəcəyinə qərar vermək üçün cəmi yeddi gün vaxt qazanır. Baş qəhrəman ilk sevgisi ilə ömrünü birlikdə keçirdiyi insan arasında çətin seçim etməli olur.

"La Passion de Dodin Bouffant" (2023)

Yevjeni və Doden illərdir birlikdə mətbəxdə möcüzələr yaradır. Zaman keçdikcə onların peşəkar əməkdaşlığı dərin sevgiyə çevrilir. Film göstərir ki, bəzən ən böyük hisslər sözlə deyil, qayğı və diqqətlə ifadə olunur.

"If Beale Street Could Talk" (2018)

Uşaqlıq dostları Tiş və Fonni gələcək planları qurarkən gənc oğlan haqsız yerə ağır cinayətdə ittiham olunur. Tiş isə bütün çətinliklərə baxmayaraq sevdiyi insanın günahsızlığını sübut etmək üçün mübarizəsini dayandırmır.

"45 Years" (2015)

45 illik evlilik yubileyinə hazırlaşan Keyt və Ceffin həyatı keçmişdən gələn bir məktubla alt-üst olur. Köhnə xatirələr və gizli hisslər onların münasibətinə tamamilə yeni baxış qazandırır. Film uzun illər davam edən sevginin belə sirlərlə sınağa çəkilə biləcəyini göstərir.

film sevgi filmi romantik dram

Mənbə: lent.az

Xəbər lenti