Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 33 milyard 881,1 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 3 %, ilin əvvəlinə nisbətən 6,1 %, ötən il iyulun 1-i ilə müqayisədə 12,1 % çoxdur.
Kredit qoyuluşunun 23 milyard 391,2 milyon manatı və yaxud 69 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 11,3 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 8 milyard 430,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 13,2 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,6 %-dən 24,9 %-ə çatıb.
İyulun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 2 milyard 059,8 milyon manat olub. Bu, illik müqayisədə 17,1 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 %-dən 6,1 %-ə qalxıb.
Azərbaycanda 21 bank fəaliyyət göstərir, onlardan 3-ü dövlət payına malikdir. BOKT-ların sayı isə 53-dür.
Mənbə: report.az