IMG-LOGO

Rumıniyada AES-in fasiləsiz işləməsi üçün tədbirlər görülür

01 Aug 2026 23:07 4 baxış
IMG

Dunay çayında suyun səviyyəsinin daha da azalması halında, Rumıniyanın Çernavoda şəhərindəki atom elektrik stansiyası (AES) dörd-beş gün işləyə biləcək.

"Report" xəbər verir ki, bu barədə "Agerpres" agentliyinin sözlərindən sitat gətirdiyi "Apele Române" Milli Administrasiyasının direktor müavini Sorin Rındaşu bildirib.

Onun sözlərinə görə, Dunayda suyun səviyyəsi gündə təxminən 2-3 sm azalır. Çayın Rumıniyaya girişində su sərfi saniyədə 1 590 kubmetr təşkil edir və proqnozlara görə, avqustun 7-dək saniyədə təxminən 1 450 kubmetrə qədər azalacaq.

Rındaşu bildirib ki, stansiyanın fasiləsiz işləməsini təmin etmək üçün hidrotexniki işlərə başlanılıb. Xüsusən də, Köhnə Dunay qolu boyunca axını tənzimləmək məqsədilə daşla yüklənmiş bir neçə barjanın batırılması, həmçinin onun Bala qolu ilə birləşdiyi yerdə dibdərinləşdirmə işlərinin aparılması planlaşdırılır.

"Risk mövcuddur, lakin AES-in fəaliyyətini davam etdirməsi üçün mümkün olan hər şey edilir", - o qeyd edib.

Rındaşunun sözlərinə görə, proqnozlar əlverişsiz olaraq qalır. Avstriyada Dunayın yuxarı axarında yağan yağıntılara baxmayaraq, su Çernavodaya 12 gün sonra çatacaq.

O vurğulayıb ki, atom elektrik stansiyasının özündə vəziyyət təhlükəsizlik üçün təhdid yaratmır, çünki kritik parametrlərə çatdıqda ikinci enerji bloku dərhal dayandırılacaq. Stansiyanın birinci reaktoru isə çərşənbə axşamı söndürülüb.

Mənbə: report.az

Xəbər lenti