Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Vaşinqtonun İrana yeni zərbələr endirmək planları ilə bağlı narahatlığını ifadə edib.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, vəliəhd şahzadə Amerika liderini deeskalasiyanı təmin etməyə və yeni zərbələrdən çəkinməyə çağırıb. Mənbələrdən biri bildirib ki, Səudiyyə tərəfi ABŞ-nin gələcək fəaliyyət planına aydınlıq gətirilməsini xahiş edib.
"Axios" həmçinin xəbər verir ki, şənbə günü Qətər vasitəçiləri İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Oman nümayəndələri ilə ayrı-ayrılıqda məsləhətləşmələr aparıblar.
Portalın məlumatına görə, Qətər Hörmüz boğazında normal gəmiçiliyin bərpasına dair razılaşmalar əldə etməyə ümid edir. Mənbələrin iddia etdiyinə görə, danışıqlarda müəyyən irəliləyiş əldə olunub, lakin təfərrüatlar açıqlanmır.
Mənbə: report.az