Kanadanın ikinci ən böyük aviaşirkəti olan WestJet-in bort bələdçiləri bazar günü əməkhaqqı ilə bağlı fikir ayrılıqları səbəbindən tətil elan ediblər.
"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, aviaşirkətin 4400 bort bələdçisinin maraqlarını təmsil edən Kanada Dövlət İşçiləri Həmkarlar İttifaqı özünün feysbuk səhifəsində tətil elan edib.
Avqustun 2-nə olan məlumata görə, WestJet 300-dən çox reysi ləğv edib.
Qeyd olunub ki, mübahisənin əsas səbəbi bort bələdçilərinin yerdə gördüyü işlərin ödəniş mexanizmi olub. Həmkarlar ittifaqı bildirib ki, bu işlərin bir hissəsi ödənişsiz yerinə yetirilir. Şirkət isə əməkdaşların həqiqətən də "kredit saatları" sistemi vasitəsilə ödəniş aldığını, bunun saatlıq əməkhaqqı sistemi olmadığını qeyd edib.
"Biz Kanadadakı bort bələdçiləri üçün yeni standart müəyyən edəcək bir təklif təqdim etdik. Bu təklif WestJet-i uçuşdan əvvəl və sonra sərf olunan bütün vaxtı əhatə edən saatlıq ödəniş təklif edən yeganə aviaşirkət edəcəkdi. Bundan əlavə, ilk iş ilində ikirəqəmli əməkhaqqı artımı və həmkarlar ittifaqının səsləndirdiyi digər prioritetlər də nəzərə alınmışdı. Təəssüf ki, bu təklif qəbul edilmədi", - deyə WestJet Group-un baş direktoru Aleksis fon Hoensbruk bildirib.
Həmkarlar ittifaqının rəhbəri Aliya Hüseyn isə danışıqlar aparan tərəflərin "son dəqiqəyə qədər bort bələdçilərinin əməyinin dəyərini tanıyan ədalətli razılaşma əldə etməyə çalışdıqlarını" deyib. "WestJet-in təklifi kifayət qədər səxavətli olmadı", - deyə o vurğulayıb.
Mənbə: report.az