Bakı Apellyasiya Məhkəməsində Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun apellyasiya şikayəti üzrə qərar elan olunub.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən B. İbadovun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsini və müddətindən (14 il, 6 ay) 3 ay çıxarılması barədə qərar verib.
Dövlət ittihamçısı çıxışında təqsirləndirilən İbadov Babəkin 17 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə 2025-ci ilin noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. 20 yaşlı Yasin İbadov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub.
B.İbadova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.5-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.
Qətlə yetirilən Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilir. O, "Rüzgar" ləqəbi ilə tanınırmış. 2026-cı il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən Babək İbadovun 14 il, 6 ay (dövlət ittihamçısı 17 il müddət təklif etmişdi) müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
Hadisələr məhkəməMənbə: lent.az