IMG-LOGO

ABA rəsmisi: "Yeni limitlər gündəlik qanuni əməliyyatları məhdudlaşdırmayacaq"

03 Aug 2026 17:36 5 baxış
IMG

Bu aydan Azərbaycanda "Card to card" əməliyyatlarının sayına gündəlik 5 ədəd, aylıq isə 20 min manata qədər limit qoyulması geniş müzakirələrə səbəb olub. Bir sıra vətəndaşlar bu addımın gündəlik ödənişlərinə təsir edəcəyindən narahatlıq ifadə etsələr də, mütəxəssislər bunun əsas məqsədinin maliyyə sistemində risklərin azaldılması olduğunu bildirirlər.

Xatırladaq ki, limitlərin tətbiqi barədə qərar "Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birlikləri arasında əldə olunmuş razılaşmaya əsasən əbul edilib. "Report"a açıqlama verən ABA-nın Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib ki , ödəniş xidməti təchizatçıları, o cümlədən banklar tərəfindən risk əsaslı nəzarət çərçivəsinin tətbiqi və şəffaf iqtisadi münasibətlərin formalaşdırılması məqsədilə ödəniş alətləri və bu alətlərlə aparılan əməliyyatlara fərdi qaydada limitlərin tətbiqi artıq uzun müddətdir ki, müzakirə olunur.

"Azərbaycanda rəqəmsal bankçılıq xidmətlərinin inkişafı, nağdsız ödənişlərin sürətlə artması, yeni ödəniş texnologiyaları və innovativ həllərin tətbiqi iqtisadiyyata mühüm töhfə versə də, bu proses eyni zamanda risklərin daha effektiv idarə edilməsini və qanunvericiliyin tələblərinə nəzarətin gücləndirilməsini zəruri edib. Məhz bu səbəbdən ABA və AzFina bank və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə hallarının, eləcə də bununla bağlı risklərin minimuma endirilməsi məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiqinə dair razılıq əldə edib", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, aparılan müzakirələr nəticəsində ödəniş ekosistemində yaranacaq riskləri azaltmaq məqsədilə koordinasiyalı şəkildə vahid limitlər müəyyən edilib: "Razılaşdırılmış risk əsaslı nəzarət prinsipi ödəniş alətlərindən və ödəniş hesablarından sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Bu yanaşma çərçivəsində ilk növbədə hər bir ödəniş xidməti istifadəçisinin eyni ödəniş xidməti təchizatçısında əldə edə biləcəyi ödəniş alətlərinin sayı müəyyənləşdirilib. Bununla yanaşı, həmin ödəniş alətlərinə mədaxil üzrə həyata keçirilən əməliyyatlara gündəlik və aylıq əsasda həm say, həm də məbləğ baxımından limitlər tətbiq olunub".

T.Rüstəmov xüsusilə vurğulayıb ki, hazırkı mərhələdə ödəniş alətləri üzrə məxaric əməliyyatlarına hər hansı limitin tətbiqi nəzərdə tutulmur: "Yeni yanaşma sağlam ödəniş tarixçəsinə malik istifadəçilər üçün əlavə çətinlik yaratmır və onların gündəlik qanuni maliyyə əməliyyatlarını məhdudlaşdırmır. Ödəniş aləti istifadəçiləri əvvəlki kimi rəqəmsal ödəniş imkanlarından, o cümlədən POS-terminal infrastrukturundan, mobil POS həllərindən, QR kod vasitəsilə ödənişlərdən və elektron bankçılıq xidmətlərindən sərbəst şəkildə istifadə etməyə davam edəcəklər. Tətbiq edilən yeni yanaşmanın əsas məqsədi vətəndaşların gündəlik əməliyyatlarını məhdudlaşdırmaq deyil, ödəniş sisteminin təhlükəsizliyini artırmaq, maliyyə xidmətlərindən sui-istifadə hallarının qarşısını almaq, rəqəmsal ödəniş ekosisteminin daha etibarlı fəaliyyətini təmin etməkdir".

Mənbə: report.az

Xəbər lenti