İranın dəniz blokadası Tehran Vaşinqtonla saziş bağlayana və ya təslim olana qədər davam edəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İran rəhbərliyi "inanılmaz ikiüzlülük" nümayiş etdirir, çünki ABŞ ilə danışıqlardan imtina etdikləri barədə açıq bəyanatlar verməsinə baxmayaraq, Tehran görüşlərin keçirilməsinə nail olmağa davam edir və ABŞ tərəfi ilə əlaqə saxlayır.
"Onlar görüşün keçirilməsini xahiş edirlər. Danışıqlar başlayır, yaxın vaxtlarda yeni görüşlər planlaşdırılır, lakin onlar açıq şəkildə və qürurla bəyan edirlər ki, heç bir müzakirə aparmırlar və yalnız Omanla təmasdadırlar", - o yazıb.
Tramp həmçinin Tehranın Hörmüz boğazına nəzarət etməsi barədə bəyanatlarını rədd edərək, boğazın tamamilə ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu iddia edib.
"Əgər biz istəməsək, İran heç nə əldə etməyəcək və bu, razılaşma əldə edilənə və ya onlar tam təslim olana qədər belə davam edəcək", - Tramp qeyd edib.
O vurğulayıb ki, Birləşmiş Ştatlar İranın onilliklər ərzində yaratdığı problemin həllini müzakirə edir.
"Hər şey çox sadədir: İran heç vaxt nüvə silahı əldə etməyəcək", - Tramp sonda vurğulayıb.
Mənbə: report.az