İranın Hörmüz boğazında hücum etdiyi gəmilər neft-qaz yox, ABŞ üçün silah-sursat daşıyırdı.
"Report" xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai IRIB-yə müsahibə zamanı belə bir iddia ilə çıxış edib.
"Amerika hərbi gəmilərinin neft və ya mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan nəhəng gəmilərin yanında hərəkət etdiyi müşahidə edilib", - o bildirib və ABŞ ordusunun İran Silahlı Qüvvələrinin nəzarətindən uzaq qalmaq üçün izləyiciləri söndürərək, hərbi qüvvələrin, avadanlıqların və müharibə texnikasının daşınması üçün ticarət gəmilərindən sui-istifadə etdiyi vurğulanıb.
Bəqainin sözlərinə görə, ABŞ-nin bu addımı İslamabad Anlaşma Memorandumunun 5-ci bəndinə ziddir: "ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) məxsus bir hərbi gəmi LNG daşıyan tankerin sığınacağında icazəsiz marşrutdan keçib. Bu sadəcə təhlükəli bir keçid deyildi, həm də Amerikanın müharibənin sona çatması ilə bağlı anlaşmadan sui-istifadə etmək və İrana qarşı düşmənçilik hərəkətləri üçün zəmin yaratmaq niyyətinin bariz göstəricisi idi".
İran XİN-in sözçüsü bildirib ki, Tehran sadalananlara etiraz edəndən sonra Amerika öz hücumlarını gücləndirib. "Yəni praktiki olaraq, anlaşmaya əsasən qəbul etdikləri bütün öhdəlikləri birdəfəlik kənara qoyublar", - o xatırladıb.
Daha əvvəl İranın Ali rəhbərinin hərbi müşaviri Möhsün Rezai ABŞ ordusunun Tehrana qarşı quru əməliyyatı həyata keçirmək üçün Hörmüzqan vilayətinə aparan körpüləri dağıtdığını bəyan edib.
Mənbə: report.az