Demokratların rəhbərlik etdiyi ABŞ-nin 25 ştatından ibarət koalisiya idxal mallarına yeni tariflərin tətbiq edilməsi ilə əlaqədar Prezident Donald Tramp administrasiyasına qarşı iddia qaldırıb.
"Report" CNBC-yə istinadən xəbər verir ki, ştatlar onların məlumatına görə Amerika idxalının 99,4%-ni əhatə edən, ABŞ-nin 60 ticarət tərəfdaşından gələn mallara tətbiq edilən 10% və 12,5% miqdarında rüsumları mübahisə predmetinə çevirib.
ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə verilən iddiada bildirilir ki, əvvəllər analoji tədbirlər məhkəmələr tərəfindən rədd edildikdən sonra, Tramp administrasiyası tarifləri tətbiq etmək üçün 1974-cü il tarixli Ticarət haqqında Qanunun 301-ci bölməsindən istifadə edərək öz səlahiyyətlərini aşıb.
Ştatlar tariflərin qanunsuz sayılması, ləğv və ödənilmiş rüsumların geri qaytarılmasını tələb edir.
"Ali Məhkəmədə uduzduqdan sonra administrasiya yeni tariflər raundu vasitəsilə ailələr və müəssisələr üçün vergiləri yenidən qanunsuz olaraq artırmağa çalışır", - Nyu-Yorkun baş prokuroru Letisiya Ceyms bildirib.
Ağ Ev ittihamları rədd edərək bildirib ki, ölkə ticarət və işçiləri qorumaq üçün qanuni səlahiyyətlərindən istifadə edir.
Tramp administrasiyası əvvəllər tariflərin tətbiqini məcburi əməkdən istifadə edilərək istehsal olunan malların Amerika tədarük zəncirlərinə düşməsinin qarşısını almağı zəruri sayıb. İddiaçılar isə məcburi əmək problemi ilə müxtəlif ölkələr üçün vahid tariflərin tətbiqi arasında birbaşa əlaqənin olmadığını deyirlər.
Mənbə: report.az