IMG-LOGO

ABŞ Rusiya Müdafiə Nazirliyinin bölmələrinə qarşı sanksiyalar tətbiq edib

04 Aug 2026 06:50 3 baxış
IMG

ABŞ Dövlət Departamenti İran, Koreya Xalq Demokratik Respublikası (KXDR) və Suriya ilə bağlı kütləvi qırğın silahlarının (KQS) və onların çatdırılma vasitələrinin yayılmaması haqqında Amerika qanunvericiliyini pozduqlarına görə bir sıra Rusiya qurumlarına və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Federal reyestrdə dərc olunmuş bildirişində deyilir.

Sənədə əsasən, qərar iyulun 24-də qüvvəyə minib. Rusiya Müdafiə Nazirliyinin bir sıra idarələri, Rusiya Quru Qoşunları, eləcə də 1061-ci maddi-texniki təminat mərkəzi məhdudiyyətlərə məruz qalıb. Siyahıya həmçinin "Gideon Alfa" şirkəti, "International Invest Company" MMC və beş fiziki şəxs daxil edilib. Sanksiyalar onların törəmə strukturlarına və hüquqi varislərinə də şamil olunur.

Sanksiyalar İran, KXDR və Suriyaya "çoxtərəfli ixrac nəzarəti rejimlərinə daxil olan", həmçinin hər hansı digər şəkildə "KQS, qanadlı və ya ballistik raket sistemlərinin yaradılması" üçün istifadə edilən "malların, xidmətlərin və ya texnologiyaların" ötürülməsinə və ya onlardan alınmasına görə tətbiq edilib.

Sanksiyalar iki il müddətinə nəzərdə tutulub. Onlar ABŞ dövlət idarələrinə siyahıda yer alanlardan mal və xidmətlər almağı, dəstək göstərməyi, həmçinin hərbi təyinatlı məhsullar tədarük etməyi qadağan edir.

Mənbə: report.az

Xəbər lenti