Əfqanıstanın Bağlan vilayətində təxminən iki min il yaşı olan qədim sikkə aşkarlanıb.
Lent.az xəbər verir ki, bu barədə "Avapress" agentliyi məlumat yayıb.
Məlumata görə, tarixi tapıntı Burka bölgəsində mal-qara otaran bir uşaq tərəfindən aşkar edilib. Sikkə qorunub saxlanılması məqsədilə vilayətin İnformasiya və Mədəniyyət İdarəsinin muzeyinə təhvil verilib.
Bağlanın İnformasiya və Mədəniyyət İdarəsinin rəhbəri Əsədulla Mustafa Haşimi bildirib ki, artefaktın ilkin tədqiqi onun Yunan-Baktriya padşahlığı dövrünə aid ola biləcəyini göstərir.
Onun sözlərinə görə, sikkənin dəqiq yaşı, xüsusiyyətləri və orijinallığını müəyyənləşdirmək məqsədilə Kabildən olan mütəxəssislər tərəfindən əlavə araşdırmalar aparılacaq.
Ə.M.Haşimi ölkənin mədəni irsinin gələcək nəsillər üçün qorunmasının vacibliyini vurğulayaraq, vilayət sakinlərini tapdıqları tarixi əşyaları İnformasiya və Mədəniyyət İdarəsinə təhvil verməyə çağırıb.
Qeyd edək ki, Bağlan vilayəti Əfqanıstanın qədim abidələr və tarixi artefaktlarla ən zəngin bölgələrindən biri hesab olunur.
ƏfqanıstanMənbə: lent.az