Avqustun 15-dən "Bakı Metropliteni" QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, xətlərin ayrılması layihəsi Bakı metrosunun gələcək inkişafı üçün seçim deyil, strateji zərurətdir. Tikinti işlərinin 10-11 ay davam edəcəyi bildirilib. Bu müddət ərzində "Dərnəgül" istiqamətindən hərəkət edən qatarlar "Nizami" stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.
Qeyd edilib ki, tikinti işləri başa çatdıqdan sonra Yaşıl xətt "Dərnəgül"dən başlayaraq "Cəfər Cabbarlı" stansiyası vasitəsilə "Xətai" stansiyasına qədər fəaliyyət göstərəcək. İlkin mərhələdə Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə olacaq. Növbəti mərhələ Y15 stansiyasına qədər tunellər və geri dönmə infrastrukturu tamamlandıqdan sonra Yaşıl xətt üzrə intervalın təxminən 2 dəqiqəyə qədər azaldılması mümkün olacaq.
Məlumata əsasən, xətlərin ayrılması layihəsinin icrası dövründə Qırmızı xətt üzrə bütün stansiyalar fəaliyyətini əvvəlki qaydada davam etdirəcək: "Lakin "Dərnəgül" istiqamətindəndən gələn qatarlar artıq ortaq sahədə hərəkət etməyəcəyi üçün "28 May"-"Həzi Aslanov" sahəsində mövcud olan 1 dəqiqə 45 saniyəlik intervalı saxlamaq mümkün olmayacaq".
Mənbə: report.az