Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin ilhaq edilmiş hissəsində iki körpünü məhv edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Telegram" kanalında məlumat yayıb.
Söhbət xüsusilə Rusiyanın Kursk vilayətinin Zvannoye kəndi yaxınlığında Seym çayı üzərindəki avtomobil körpüsündən və Ukraynanın Zaporojye vilayətində Moloçnaya çayı üzərindəki dəmir yolu körpüsündən gedir.
Ukrayna tərəfinin məlumatına görə, hər iki obyekt Rusiya qoşunları tərəfindən hərbi logistika, qüvvə və vasitələrin daşınması üçün istifadə olunurdu.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Rusiya tərəfindən ilhaq edilmiş hissəsində, Sçastlivtsevo qəsəbəsində Rusiya Federal Təhlükəsizlik Xidməti bölməsinin müvəqqəti dislokasiya məntəqəsinin vurulduğunu bəyan edib.
Baş Qərargahdan həmçinin bildirilib ki, Krımda "Geran/Gerbera" tipli zərbə pilotsuz uçuş aparatlarının rabitə və qidalanma retranslyator məntəqəsi, Artyomovkada radioelektron mübarizə vasitələri ilə təchiz edilmiş qüllə, eləcə də Donetsk vilayətinin Baxmut istiqamətində Rusiyanın idarəetmə məntəqəsi və rabitə qovşağı vurulub.
Mənbə: report.az