Zəngilan rayonunun Ağalı kəndindəki "Ağıllı kənd" ideyası Azərbaycanın digər regionlarında da tətbiq oluna bilər.
Bunu "Report"a müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi, təşkilatın Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat bildirib.
Onun sözlərinə görə, "ağıllı kənd" və "gənclər" anlayışları bir-biri ilə sıx bağlıdır: "Gənclərimizin ağıllı olmasına çox şadam. Lakin bilirsiniz, biz "ağıllı kəndlər" haqqında danışarkən, icma və ya kənd daxilindəki bütün təbii ehtiyatların idarə olunmasında texnologiyadan istifadəni nəzərdə tuturuq. Texnologiyadan istifadə yalnız rabitə ilə məhdudlaşmır. Bu həm də torpağa, onun rütubətliliyinə baxmaq, suvarma üçün nə vaxt və hansı imkanların olduğunu müəyyənləşdirmək və bu kimi digər məsələləri əhatə edir. Qarabağ regionundakı Ağalı kəndində pilot layihə həyata keçirdik və bu, çox uğurlu oldu. Konsepsiyanı təqdim etmək üçün orada bir sıra fermer icmaları ilə işlədik. Bu, hazırda Azərbaycanın istənilən yerində mümkündür".
N.Hayat əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur regionu bu baxımından daha yüksək potensiala malikdir: "Bu regionlar ölkənin kənd təsərrüfatı sisteminin bir hissəsinə çevrilən regionlardır. Lakin deməzdim ki, bu, ölkənin digər yerlərində mümkün deyil. Yəni biz doğru alətlərə, resurslara və insanların istəyinə sahib olduğumuz müddətdə, bunu istənilən icma ilə istənilən yerdə edə bilərik. İlk məsələ insanları bir araya gətirməkdir".
Müsahibə ilə ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz.
Mənbə: report.az