QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq.
"Report" xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Fatimə Bayramlı "QHT sektorunda rəqəmsallaşma və innovasiyalar" mövzusunda tematik sessiyada deyib.
Onun sözlərinə görə, hazırda "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sisteminin yaradılması üzrə intensiv iş aparılır:
"Bu informasiya sistemi QHT-lərin dövlət dəstəyi ilə bağlı bütün müraciət, qiymətləndirmə, maliyyələşdirmə, icra, monitorinq və hesabatlılıq proseslərinin tam elektron mühitdə idarə olunmasını təmin edəcək. Beləliklə, qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq".
F.Bayramlı əlavə edib ki, yaxın vaxtlarda bu sistemin əsasnaməsinin də qəbul edilməsi gözlənilir:
"QHT-lərlə qrant müqavilələri imzalandıqdan sonra müqavilələrin qeydiyyata alınması və qeydiyyata alınma haqqında bildirişlərin verilməsi prosesinin də "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sisteminə inteqrasiyası nəzərdə tutulur. Bu, qeydiyyata dair bildirişlər üzrə kağız sənəd dövriyyəsinin aradan qalxması deməkdir".
Agentliyinin nümayəndəsi həmçinin bildirib ki, süni intellektin məhsulları olan plagiat proqramları və üztanıma tətbiqləri layihələrin ekspertiza prosesini xeyli sürətləndirib.
Mənbə: report.az