BP şirkəti avqustun təxminən üçüncü ongünlüyündə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun "Mərkəzi Azəri" platformasında profilaktik işlər həyata keçirməyi planlaşdırır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
"Mərkəzi Azəri" platformasında profilaktik işlərin avqustun təxminən son ongünlüyündə həyata keçirilməsi planlaşdırılıb. Onu da qeyd etmək istəyirəm ki, bu işlərin aparılacağı müddətdə platformanın tam dayandırılması nəzərdə tutulmur", - o bildirib.
T.Bayatlı əlavə edib ki, müasir texnologiyaların tətbiqi profilaktik işləri platformanın fəaliyyətini dayandırmadan və qısa müddətdə həyata keçirməyə imkan verir.
Qeyd edək ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bu ilin martında keçirdiyi mətbuat konfransında bildirmişdi ki, BP şirkəti avqust ayında "Mərkəzi Azəri" platformasının fəaliyyətini profilaktik işlər üçün qismən dayandırmağı planlaşdırır. Profilaktika 11 gün davam edəcək və bu müddət ərzində yalnız "Mərkəzi Azəri" platformasının qaz qurğularının fəaliyyəti dayandırılacaq. Platformadan neft hasilatı davam edəcək.
Mənbə: report.az