Azərbaycan Milli QHT Forumunun (AMQF) təşkilatçılığı ilə "QHT sektorunda rəqəmsallaşma və innovasiyalar" mövzusunda dəyirmi masa keçirilib.
"Report" xəbər verir ki, AMQF-nin İdarə Heyətinin sədri Ramil İskəndərli QHT-lər üçün rəqəmsallaşmanın önəmindən danışıb.
QHT Forumunun İdarə Heyətinin üzvü, deputat Azər Allahverənov QHT-lərin necə daha çevik idarəetmə modelinə malik olduğundan bəhs edib:
"Rəqəmsal texnologiyalardan və süni intellektin imkanlarından səmərəli istifadə edən QHT-lər daha çevik idarəetmə modelinə malik olur, cəmiyyətlə daha effektiv kommunikasiya qurur və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir".
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Fatimə Bayramlı üzərində işlər aparılan "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi barədə məlumat verib:
"Bu informasiya sistemi QHT-lərin dövlət dəstəyi ilə bağlı bütün müraciət, qiymətləndirmə, maliyyələşdirmə, icra, monitorinq və hesabatlılıq proseslərinin tam elektron mühitdə idarə olunması təmin edəcək".
"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə rəqəmsal medianın və yeni texnologiyaların vətəndaş cəmiyyəti üçün yaratdığı imkanlardan danışıb.
Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev vurğulayıb ki, QHT-lərin innovativ idarəetmə alətlərindən istifadəsinin genişləndirilməsi, rəqəmsal bacarıqların inkişaf etdirilməsi və yeni texnologiyaların tətbiqi prioritet istiqamətlərdir.
Müzakirələr zamanı QHT-lərdə süni intellekt alətlərinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri, kibertəhlükəsizlik, məlumatların qorunması, sosial media strategiyaları, elektron iştirakçılıq mexanizmləri və innovativ layihə idarəetmə həlləri ilə bağlı fikir mübadiləsi aparılıb və bu istiqamətdə dövlət-QHT-özəl əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Mənbə: report.az