Azərbaycana maliyyə sektorunda institusional dəyişikliklər aparmaq lazımdır.
Bu barədə "Report" ABŞ-nin "Oliver Wyman" konsaltinq şirkətinə istinadən xəbər verir.
Şirkət analitiklərinin fikrincə, 50-70 milyard ABŞ dolları dəyərində infrastruktur proqramının uğurla həyata keçirilməsi üçün Azərbaycan ingilis ümumi hüququ prinsipləri ilə fəaliyyət göstərən Bakı Beynəlxalq Maliyyə Mərkəzini (Baku IFC) təsis etməlidir.
Qeyd olunub ki, region dövlətləri arasında ən dayanıqlı makroiqtisadi mövqeyə – investisiya dərəcəli suveren kredit reytinqinə ("Fitch Ratings"dən "BBB-"), Mərkəzi Bankın və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 85 milyard ABŞ dollarından çox (ÜDM-in 112 %-i) ümumi ehtiyatlarına, eləcə də ÜDM-in 20-21 %-i həddində dövlət borcunun aşağı səviyyəsinə malik olan Azərbaycan institusional kompetensiyaların çatışmazlığı və daxili bazarda beynəlxalq investisiya banklarının faktiki olaraq olmaması ilə üzləşir.
"Oliver Wyman" mütəxəssisləri diqqəti ona yönəldirlər ki, strateji əhəmiyyətli layihələrin – Qarabağ və Şərqi Zəngəzurun bərpasının (25-30 milyard ABŞ dolları), Zəngəzur dəhlizinin tikintisinin, "yaşıl enerji" keçidi təşəbbüslərinin ("AZURE", Qara dəniz sualtı kabel layihələri) reallaşdırılmasının və logistika hablarının inkişafının həyata keçirilməsini yalnız dövlət büdcəsi vəsaitləri və ya yerli bank sisteminin resursları hesabına təmin etmək qeyri-mümkündür. Bununla yanaşı, büdcədənkənar kapitalın cəlb edilməsi həcmlərinə görə Azərbaycan regional qonşularından (Qazaxıstan, Özbəkistan) nəzərəçarpacaq dərəcədə geri qalır: beynəlxalq maliyyə institutları (BMİ) tərəfindən Azərbaycanda illik maliyyələşmə cəmi 0,5-0,8 milyard ABŞ dollarına çatdığı halda, Qazaxıstanda bu göstərici 2 milyard ABŞ dolları, Özbəkistanda isə 2,5-3 milyard ABŞ dolları təşkil edir.
Şirkətin məlumatına görə, Azərbaycanın ixrac-kredit agentlikləri qarşısında yığılmış borcu 1,6 milyard ABŞ dollarına bərabərdir, halbuki Qazaxıstanda bu göstərici 12-15 milyard ABŞ dolları aralığındadır. Xüsusilə, Böyük Britaniyanın İxrac Kredit Agentliyi (UKEF) tərəfindən təqdim edilmiş 5 milyard funtluq limitdən faktiki olaraq vəsaitlərin yalnız 0,4 %-i istifadə edilib.
Bununla yanaşı, dövlət-özəl tərəfdaşlığı və kommersiya layihələrinin maliyyələşdirilməsi çərçivəsində cəlb olunan resursların həcmi hələ də kifayət qədər aşağı səviyyədədir. İnstitusional maneələri aradan qaldırmaq və fərdi əqdləri kapital cəlbinin sistemli mexanizminə transformasiya etmək məqsədilə "Oliver Wyman" şirkəti Azərbaycana üç fundamental addım atmağı məsləhət görür. Birinci addım - qeyri-büdcə maliyyələşdirilməsi sahəsində ixtisaslaşdırılmış qurumun formalaşdırılmasıdır: hökumət nəzdində beynəlxalq maliyyə institutları, ixrac-kredit agentlikləri, suveren fondlar və nazirliklər arasında qarşılıqlı əlaqələrin koordinasiyasını həyata keçirəcək, eyni zamanda hazırlanmış layihələrin vahid reyestrinin idarə olunmasına məsul olacaq profil qurumunun yaradılması nəzərdə tutulur. Nümunə olaraq Qazaxıstanda beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq üzrə fəaliyyət göstərən Koordinasiya Şurası misal gətirilir.
İkincisi - beynəlxalq bazarlara fəal şəkildə çıxış: xarici kreditorların fəaliyyətini canlandırmaq məqsədilə qarşıdakı 6-12 ay müddətində hər birinin dəyəri minimum 200 milyon ABŞ dolları olan (nəqliyyat və bərpa olunan enerji sahələri üzrə) ixrac-kredit agentliklərinin zəmanəti ilə təmin edilmiş 2-3 sövdələşmədən ibarət pilot seriyanın həyata keçirilməsi.
Üçüncüsü - Bakı Beynəlxalq Maliyyə Mərkəzinin təsis edilməsi. Bu məqsədlə Azərbaycan ingilis ümumi hüquq sisteminə əsaslanan, müstəqil məhkəmə qurumu, arbitraj mexanizmi, güzəştli vergi rejimi və xüsusi valyuta-viza statusuna malik olan ayrıca hüquqi və tənzimləyici zona formalaşdırmalıdır. Uğurlu nümunələr olaraq analitiklər 2018-ci ildən bəri fəaliyyət göstərən "Astana" Beynəlxalq Maliyyə Mərkəzini (AIFC) və cari ilin mart ayında Özbəkistanda əsası qoyulmuş "Daşkənd" Beynəlxalq Maliyyə Mərkəzini (TIFC) nümunə gətiriblər.
"Bu cür hüquqi anklav formalaşdırılmadığı təqdirdə Bakı, fiskal potensialı real əqdlərə çevirmək üçün vacib olan bankirlərin, hüquqşünasların, maliyyə mütəxəssislərinin və arbitrlərin ölkəyə cəlb olunmasında çətinliklərlə üzləşməyə davam edəcək. "Baku IFC"nin qurulması həddindən artıq iddialı bir xəyal deyil, ancaq bu yanaşma artıq Azərbaycanın qonşuları arasında regional standarta çevrildiyindən, onun mövcud olmaması ölçülə bilən rəqabət geriləməsinə çevrilmə təhlükəsi daşıyır, halbuki Azərbaycan öz regional analoqları içərisində ən möhkəm fiskal mövqeyə və ən yüksək suveren reytinqə sahibdir", - "Oliver Wyman" şirkəti qeyd edir.
Mənbə: report.az