IMG-LOGO

Sibiqa: Ukrayna Rusiyanın dəniz blokadasından sonra alternativ ixrac yolları axtarır

05 Aug 2026 14:43 5 baxış
IMG

Ukrayna Rusiyanın Qara dənizdəki dəhlizi blokadaya almasından sonra məhsulların ixracı üçün alternativ marşrutların axtarışını intensivləşdirib.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Onun sözlərinə görə, Kiyev müttəfiqlərinə və tərəfdaşlarına müraciət edərək Moskvaya təzyiqləri gücləndirmək yolu ilə Ukraynanın dəniz ixracının blokadadan çıxarılmasına köməklik göstərmələrini xahiş edib.

A.Sibiqa qeyd edib ki, Rusiya mülki gəmilərə hücum etməklə təkcə Ukrayna ixracını deyil, həm də əksəriyyətinin xarici vətəndaşlar olduğu heyət üzvlərinin həyatını təhlükəyə atır.

Ukrayna XİN başçısı vəziyyətin ölkə iqtisadiyyatı üçün ciddi çağırış olduğunu və Prezident Volodimir Zelenskinin Avropa İttifaqının "Həmrəylik dəhlizləri" proqramını aktivləşdirməyi tapşırdığını bildirib.

"Biz hazırda bütün qonşularımızla - Moldova, Rumıniya, Slovakiya, Macarıstan və Polşa ilə fəal məsləhətləşmələr aparırıq. İnfrastrukturun genişləndirilməsi və Ukraynanın taxılı üçüncü bazarlara nəql etməsinə kömək etmək üçün lazımi şəraitin yaradılması yollarını müzakirə edirik", - Sibiqa əlavə edib.

O vurğulayıb ki, əsas məqsəd Ukrayna məhsullarının son istehlakçılara fasiləsiz çatdırılmasının təmin edilməsi olaraq qalır.

A.Sibiqa həmçinin xatırladıb ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu daha əvvəl qlobal ərzaq qiymətləri indeksinin 25 % artmasına səbəb olmuşdu.

Mənbə: report.az

Xəbər lenti