IMG-LOGO

Emmanuel Aqbason: "Azərbaycanı təmsil etmək böyük qürur və minnətdarlıq hissidir"

05 Aug 2026 16:57 4 baxış
IMG

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət millisinin mərkəz oyunçusu Emmanuel Aqbason üçün rekordlara imza atmaq böyük məna daşıyır.

Bunu "Report"a açıqlamasında basketbolçu özü bildirib.

O, FIBA U-18 Avropa çempionatının B divizionunda ribaund və blok göstəricilərinə görə uğurlu nəticə göstərməsi barədə danışıb:

"Ribaund və blok göstəricilərinə görə rekordlara imza atmaq mənim üçün çox böyük məna daşıyır. Bu, qürur duyduğum bir nailiyyətdir. Amma bunu yalnız öz uğurum kimi görmürəm. Sözügedən nəticə komanda yoldaşlarımın və məşqçilərimin əziyyətinin bəhrəsidir. Basketbol kollektiv oyunudur və komanda yoldaşlarının dəstəyi olmadan heç bir oyunçu böyük uğur qazana bilməz".

Aqbason səbəti qorumağın və ribaundlarda üstünlük qazanmağın oyun üslubunun əsas xüsusiyyətlərindən olduğunu bildirib:

"Səbəti qorumaq və ribaundlarda üstünlük qazanmaq basketbolda ən çox sevdiyim elementlərdir və bu sahələrdə göstərdiyim performansla hər zaman fəxr edirəm. B divizionunda rekordlara imza atmaq mənim üçün ömürboyu unudulmayacaq bir xatirə olacaq".

Nigeriyadan olan 18 yaşlı basketbolçu diqqətini rekordlardan daha çox şəxsi inkişafına yönəltdiyini qeyd edib:

"Diqqətimi yalnız rekordlara yönəltmək istəmirəm. Əsas məqsədim oyunumu daha da inkişaf etdirmək, hər gün daha yaxşı basketbolçu olmaq və öz üzərimdə çalışmağa davam etməkdir".

O, sonda Azərbaycan millisinin formasını geyinməyin qürurverici olduğunu söyləyib:

"Azərbaycanı təmsil etmək və bu səviyyədə mübarizə aparmaq imkanı qazandığım üçün böyük qürur və minnətdarlıq hissi keçirirəm. Azərbaycan basketbol ailəsi olaraq inkişaf etməyə, daha da güclənməyə və ölkəmizin bayrağını beynəlxalq arenada daha yüksək zirvələrə qaldırmağa davam edəcəyik".

Qeyd edək ki, Emmanuel Aqbason FIBA U-18 Avropa çempionatının B divizionunda ribaund və blok göstəricilərinə görə rekorda imza atıb. O, Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən yarışın qrup mərhələsində Portuqaliya ilə oyunda 18 xal və 12 ribaundla qarşılaşmanın ən dəyərli basketbolçusu (MVP) seçilib.

Mənbə: report.az

Xəbər lenti