IMG-LOGO

Sosial şəbəkədən istifadəni tənzimləyən yeni qaydalar rəqəmsal hüquq mühitini formalaşdıracaq – RƏY

05 Aug 2026 17:22 3 baxış
IMG

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklikləri təsdiq etməsi ölkədə həm uşaqların zərərli informasiyalardan qorunması, həm də rəqəmsal mühitin özünün tənzimlənməsi istiqamətində son illərdə verilən ən mühüm hüquqi qərarlardan biridir.

Bunu "Report"a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, bu qərar uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsinə, sosial şəbəkələrin daha məsuliyyətli fəaliyyət göstərməsinə və ölkədə beynəlxalq təcrübəyə uyğun rəqəmsal hüquq mühitinin formalaşdırılmasına xidmət edir:

"Bir sözlə, ölkədə sosial şəbəkələrin məsuliyyəti və rəqəmsal platformaların fəaliyyət prinsipləri ilə bağlı yeni mərhələnin başlandığı görünür. Qərarın mühüm cəhətlərindən biri ondan ibarətdir ki, Azərbaycan ilk dəfə sosial şəbəkələrin fəaliyyətini ayrıca hüquqi mexanizmlərlə tənzimləyən kompleks model formalaşdırır. İndiyədək əsas diqqət internet istifadəçilərinin davranışına və qanun pozuntularına yönəlirdisə, yeni hüquqi çərçivə məsuliyyət mərkəzini həm də platformaların öz üzərinə keçirir. Dəyişikliyin mahiyyəti budur ki, dövlət artıq təkcə istifadəçidən deyil, rəqəmsal mühiti formalaşdıran platformalardan da konkret öhdəliklərin yerinə yetirilməsini tələb edir".

M.Ələsgərli qeyd edib ki, qanuna edilmiş dəyişikliklərlə bağlı ictimaiyyətdə ən çox müzakirə olunan məsələ 16 yaşına çatmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdə qeydiyyatına qadağa qoyulmasıdır:

"Lakin dəyişikliklərin əhatə dairəsi bununla məhdudlaşmır. Yeni qaydalar platformalar qarşısında yaşın etibarlı şəkildə yoxlanılması, 16-18 yaşlı istifadəçilər üçün xüsusi təhlükəsizlik rejiminin yaradılması, manipulyativ alqoritmlərin məhdudlaşdırılması, zərərli məzmunun bloklanması, fərdi məlumatların qorunması, valideyn nəzarətinin təmin edilməsi və dövlət orqanları ilə operativ əməkdaşlıq kimi çoxsaylı öhdəliklər müəyyən edir".

Ekspert, əslində, bu qərarın qəbulunu zəruri edən səbəblərin son illərdə təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunan rəqəmsal risklərlə bağlı olduğunu vurğulayıb:

"Beynəlxalq elmi araşdırmalar göstərir ki, sosial mediadan nəzarətsiz istifadə yeniyetmələr arasında depressiya, təşviş, rəqəmsal asılılıq, kiberzorakılıq və aqressiv davranış riskini artırır. Süni intellekt alqoritmlərinin təqdim etdiyi qısa videolar uşaqları hər gün zorakılıq, silah, kriminal həyat tərzi və digər zərərli davranış nümunələri ilə qarşılaşdırır. Bu səbəbdən, Avstraliya, İspaniya, Norveç, Fransa və digər ölkələr də uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran hüquqi mexanizmlər formalaşdırırlar".

O, Azərbaycanın qəbul etdiyi modelin fərqləndirici xüsusiyyətinin əhəmiyyətinə də toxunub:

"Qeyd olunmalıdır ki, qəbul edilən yeni qaydalarda yalnız qadağalar nəzərdə tutulmur. Dəyişikliklər həmçinin platformaların məsuliyyətini təmin edən icra mexanizmlərini də müəyyənləşdirir. Prezident tərəfindən təsdiq edilən dəyişikliklərdə inzibati məsuliyyət, illik hesabatlılıq, dövlət orqanlarının sorğularına cavab verilməsi kimi məsələlər də öz əksini tapıb, eyni zamanda qanunun icrası üçün məsuliyyət daşıyan icra orqanlarının da adları konkretləşib. Hüquqi praktikada bu cür mexanizmlər qanunun işləkliyinin əsas təminatlarından biri hesab olunur".

Mənbə: report.az

Xəbər lenti