Ermənistanda "Multi Group" konserninin keçmiş baş direktoru Sedrak Arustamyan və şirkətin direktoru Artur Dallakyan dələduzluq və çirkli pulların yuyulması işi üzrə saxlanılıb.
"Report" xəbər verir ki, konsernin sahibi "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyandır.
Arustamyana və Dallakyana dələduzluğa yardım və xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması (yuyulması) ittihamları irəli sürülüb.
İstintaqın versiyasına görə, araşdırma 8,13 milyard Ermənistan dramı (təxminən 22,2 milyon ABŞ dolları) məbləğində əmlak və pul vəsaitlərinin dələduzluq yolu ilə mənimsənilməsi, həmçinin bu vəsaitlərin sonradan yuyulması ilə bağlıdır.
Hər iki şübhəli məhkəməyə çıxarılmaq üçün saxlanılıb. İlkin istintaq davam edir.
İstintaq Komitəsindən xatırladılıb ki, "Multi Group" konserninin sahibi Qaqik Tsarukyan da külli miqdarda dələduzluq və pul vəsaitlərinin yuyulması ittihamı ilə həbs olunub.
Mənbə: report.az