IMG-LOGO

FIFA U-15 və U-20 dünya çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin iclası baş tutub

05 Aug 2026 20:51 3 baxış
IMG

Avqustun 5-də 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclası keçirilib.

AFFA-dan "Report"a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 iyul tarixli Sərəncamı ilə FIFA U-15 Dünya Çempionatı və Festivalının təşkili məsələlərinin də həmin Təşkilat Komitəsinə həvalə edildiyi nəzərə alınaraq, iclasda əvvəlcə sözügedən tədbirə hazırlığın mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov iclası açaraq qeyd etmişdir ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-cı il oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Dünya futbol tarixində ilk dəfə keçiriləcək belə mötəbər və irimiqyaslı beynəlxalq idman tədbirinin keçirilməsinin ölkəmizə həvalə olunması Azərbaycana göstərilən yüksək etimadın növbəti təzahürüdür. Bu etimad Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına, beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkilinə və ölkəmizin qlobal idman məkanındakı mövqeyinin möhkəmləndirilməsinə göstərdiyi davamlı diqqət və dəstəyin məntiqi nəticəsidir.

Əlavə olaraq qeyd olunub ki, tədbirdə 175-dən artıq ölkənin hər biri 20 nəfərdən ibarət nümayəndə heyəti ilə olmaqla iştirakı gözlənilir. FIFA bayrağı altında ilk dəfə keçiriləcək bu Gənclər Yarışının əsas məqsədi istedadların inkişafının ən yüksək beynəlxalq səviyyədə təmin edilməsidir.

İclasda FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı idman obyektlərinin yarışlara hazırlığı, tikinti və infrastruktur işlərinin gedişi, həmçinin, digər təşkilati məsələlər müzakirə olunub.

Daha sonra 20 yaşınadək kişilər arasında FIFA Dünya Çempionatının 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi ilə bağlı hazırlıq məsələlərinə baxılıb. Qeyd olunub ki, çempionatda 24 ölkənin milli komandası iştirak edəcək. Açılış və final oyunlarının, habelə digər oyunların təşkil olunacağı şəhərlərin müəyyənləşdirilməsi istiqamətində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, FIFA və Özbəkistan Futbol Federasiyası ilə sıx əməkdaşlıq və müzakirələr davam etdirilir.

İclasda FIFA U-20 Dünya Çempionatı ilə bağlı təşkilati məsələlər ətraflı müzakirə olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə icrasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Hər iki beynəlxalq tədbirlə bağlı qurumlararası əlaqələndirmənin gücləndirilməsi və təşkilati məsələlərin operativ həlli ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.

Mənbə: report.az

Xəbər lenti