Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası paytaxtın payız-qış mövsümündə yarana biləcək təhdidlərə, o cümlədən kritik infrastruktur üçün risklərə hazırlığını nəzərdə tutan Kiyevin Dayanıqlılıq Planını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi İqor Klimenko Prezident Volodimir Zelenskinin sədrliyi ilə keçirilən iclasın yekunları üzrə öz teleqram kanalında məlumat yayıb.
Klimenko qeyd edib ki, ötən qış Ukrayna üçün ən çətin sınaqlardan biri olub, bu səbəbdən yazda regionların və şəhərlərin kompleks dayanıqlılıq planları təsdiqlənib. İclasda dövlətin yeni çağırışlara hazırlığını gücləndirmək üçün növbəti addımlar müəyyən edilib.
"Rusiya enerji və kritik infrastruktura zərbələr endirmək cəhdlərindən əl çəkməyəcək. Payız-qış dövrünün yaxınlaşması ilə bu cür təhdidlər yalnız artacaq", - şuranın katibi yazıb.
O vurğulayıb ki, əsas prioritetlərdən biri elektrik, istilik və su təchizatı sistemlərinin sabit işinin təmin edilməsi olaraq qalır. Məsul rəhbərlər təsdiq edilmiş dayanıqlılıq planlarının icrasını təmin etməli və onların həyata keçirilməsinə görə şəxsi məsuliyyət daşımalıdırlar.
Bundan əlavə, kritik infrastruktur obyektlərinin mühafizəsinin gücləndirilməsinə, hava hücumundan müdafiə imkanlarının inkişaf etdirilməsinə və sığınacaqlar şəbəkəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.
"İstilik mövsümünün başlanmasına qədər olan vaxtdan maksimum səmərəli istifadə etmək lazımdır. Dövlətin dayanıqlılığı, kritik infrastrukturun fasiləsiz işi və hər şeydən əvvəl insanlarımızın təhlükəsizliyi bundan asılıdır", - Klimenko deyib.
Mənbə: report.az