Yaponiyada 1945-ci ildə ABŞ tərəfindən həyata keçirilmiş Xirosima atom bombardmanının 81-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir.
"Report" xəbər verir ki, Bakı vaxtı ilə saat 03:15-də (yerli vaxtla 08:15) - 81 il əvvəl atom bombasının partladığı anda - bütün ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcək.
Xirosima Sülh Parkında şəhərin meri Kazumi Matsui və Yaponiya Baş naziri Sanae Takaiçi çıxış edəcəklər. Bu mərasim hökumət başçısı statusunda onun ilk iştirakı olacaq.
Qeyd olunur ki, son bir il ərzində atom bombardmanının qurbanları siyahısına daha 4 393 nəfərin adı əlavə edilib və ümumi say 353 639 nəfərə çatıb.
Anım mərasimində rekord sayda - 127 ölkə və ərazinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, 1945-ci il avqustun 6-da ABŞ-ın B-29 "Enola Gay" bombardmançısı Xirosima şəhərinə gücü təxminən 13 kiloton olan "Little Boy" ("Balaca oğlan") atom bombasını atmışdı. Müxtəlif hesablamalara görə, partlayış günü 70 mindən 100 minədək insan həlak olub, 1945-ci ilin sonunadək isə yaralanmalar və radiasiya şüalanmasının nəticələri səbəbindən qurbanların sayı təxminən 140 minə yüksəlib.
ABŞ indiyədək Xirosima və Naqasakiyə atom bombalarının atılmasına görə rəsmi üzr istəməyib və bu addımı "hərbi zərurət" kimi izah etməyə davam edir.
Mənbə: report.az