Bədən sarğıları ("istixana effekti"), aparat masajı və kriolipoliz kimi sürətli arıqlama prosedurları təkcə büdcəyə zərər vurmur, həm də sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Lent.az xəbər verir ki, bu barədə plastik cərrah Mixail Voronov "Gazeta.ru"ya müsahibəsində bildirib.
"Kriolipoliz həddindən artıq soyuğun təsirinə əsaslanır və əslində apoptoza - piy hüceyrələrinin idarə olunan məhvinə səbəb olur. Avadanlığın tənzimlənməsindəki səhvlər və ya anatomiyanın nəzərə alınmaması nəticəsində insanda toxuma ölümü (nekroz), dərinin dərin donması və ağır fibroz çapıqlar yarana bilər", - deyə həkim bildirib.
Voronovun sözlərinə görə, tibbi ixtisasın olmaması və aparatlarla qeyri-peşəkar davranış bahalı proseduru təhlükəli eksperimentə çevirə bilər. Mütəxəssis qeyd edib ki, bu cür prosedurlar kütləvi şəkildə ixtisaslaşmış klinikalardan tibbi lisenziyası olmayan adi gözəllik salonlarına keçib. Ekspertin fikrincə, belə salonlarda aparatlarla və ya onların sertifikatlaşdırılmamış analoqları ilə çox vaxt ali tibbi təhsili olmayan, yalnız qısamüddətli kurslar keçmiş ustalar işləyirlər.
Bədən sarğısı və ya aparat masajına gəldikdə isə, həkim onların reklamlarda təqdim edildiyi kimi effekt vermədiyini vurğulayıb. Arıqlamaq üçün tətbiq edilən bu metodlar zamanı toxumaların adi mexaniki sıxılması və artıq mayenin xaric edilməsi (limfodrenaj) baş verir. Bədən ölçüləri piy hüceyrələrinin parçalanması hesabına deyil, konkret nahiyənin susuzlaşması nəticəsində azalır.
Buna görə də müvəqqəti təsiri qorumaq üçün salonlar böyük məbləğlər müqabilində 10-15 prosedurdan ibarət kurslar təklif edirlər. Voronov qeyd edib ki, kurs başa çatdıqdan və su balansı bərpa olunduqdan sonra itirilmiş çəki və bədən həcmi yenidən geri qayıdır.
arıqlamaMənbə: lent.az