IMG-LOGO

"Şahdəniz"də 6 ayda 14 milyard kubmetr qaz hasil edilib

06 Aug 2026 14:02 4 baxış
IMG

Bu ilin birinci yarısında "BP-Azerbaijan" şirkəti "Şahdəniz" yatağından 14 milyard kubmetr qaz hasil edib və bu da ötən ilin analoji dövrünün göstəricisi ilə eynidir.

"Report" xəbər verir ki, bu barədə şirkətin cari ilin yanvar-iyun aylarındakı fəaliyyətinin yekunlarına dair hesabatında əks olunub.

Hesabat dövründə kondensat hasilatı 6,2 % azalaraq təqribən 15 milyon barel təşkil edib.

Hazırda yataqdakı qurğuların ümumi hasilat gücü gündəlik təqribən 76,8 milyon kubmetr və ya ildə təxminən 28 milyard kubmetr qaz təşkil edir.

"Şahdəniz" konsorsiumunun xərcləri 2026-cı ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 % artaraq 2,106 milyard ABŞ dollarına çatıb. Əməliyyat xərcləri 8,7 % artaraq 1,394 milyard dollar, əsaslı xərclər isə 50,8 % artaraq 712 milyon dollar olub. Əsaslı xərclərin böyük hissəsi "Şahdəniz" yatağının işlənməsinin II mərhələsi çərçivəsində görülən işlərin payına düşüb. Bu çərçivədə ümumilikdə 24 quyu qazılıb: yatağın şimal, qərb, cənub-qərb və şimal-şərq cinahlarının hər birində 5 quyu, cənub-şərq cinahında isə 4 quyu.

"Şahdəniz" yatağının işlənməsi üzrə müqavilə 1996-cı ildə imzalanıb. Layihə iştirakçılarının payları aşağıdakı kimi bölüşdürülüb: Böyük Britaniyanın "BP plc" şirkəti (texniki operator) - 29,99 %, LUKOIL - 19,99 %, Türkiyənin TPAO şirkəti – 19 %, Azərbaycanın "Cənub Qaz Dəhlizi" şirkəti - 16,02 %, İranın NICO şirkəti – 10 %, Macarıstanın MVM şirkəti – 5 %.

Mənbə: report.az

Xəbər lenti