IMG-LOGO

BP: "Şəfəq" GES-də elektrik avadanlığı yaxın həftələrdə quraşdırılacaq

06 Aug 2026 14:33 3 baxış
IMG

BP şirkəti Cəbrayıl rayonunda həyata keçirilən "Şəfəq" günəş enerjisi layihəsi çərçivəsində ilk elektrik avadanlığının artıq tikinti sahəsinə çatdırıb ki, bu da yaxın həftələrdə elektrik quraşdırma işlərinin start götürməsinə zəmin yaradır.

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin tərəfdaşları adından 2026-ci ilin birinci yarısının nəticələrinə dair dərc etdiyi hesabatında qeyd edilib.

Hesabata əsasən, cari ilin ilk altı ayı ərzində "Şəfəq" günəş layihəsi üzrə tikinti işlərində əhəmiyyətli irəliləyiş qeydə alınıb: "Fotovoltaik modullar və struktur komponentləri də daxil olmaqla əsas avadanlıqların tədarükü və sahəyə gətirilməsi müvəffəqiyyətlə yekunlaşıb, payaların və izləyici sistemlərin quraşdırılması istiqamətində də ciddi irəliləyiş əldə edilib.

Bildirilib ki, aprelin əvvəlində layihə ərazisində birinci günəş panelinin quraşdırılması vacib bir mərhələ kimi dəyərləndirilir.

Layihə çərçivəsində tikinti işlərində yerli əmək resurslarının cəlb olunması getdikcə genişlənir. Hazırda layihədə təqribən 420 yerli əməkdaş fəaliyyət göstərir və onların 150-si işğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə layihə üzrə 700-dən artıq iş yerinin formalaşdırılacağı proqnozlaşdırılır. Artan işçi heyətinin yerləşdirilməsi məqsədilə sahədəki mövcud yaşayış korpusları hazırda genişləndirilməkdədir.

Ekoloji mühafizə məsələləri layihənin prioritet istiqamətləri sırasında qalmaqda davam edir. Bu kontekstdə tikinti ərazisinin bitki örtüyündən təmizlənməsi prosesləri izlənilir, vəhşi faunanın ərazidən təhlükəsiz şəkildə köçürülməsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə koordinasiya olunaraq aparılır.

Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına kimi davam etməsi nəzərdə tutulub.

Xatırladaq ki, "Shafag Jabrayil Solar Limited" (SJSL) şirkətində pay bölgüsü aşağıdakı kimidir: BP (40,01 %), "SOCAR Green" (39,99 %), Azərbaycan Biznesinin İnkişafı Fondu (10 %) və "MVM" (10 %).

Mənbə: report.az

Xəbər lenti