IMG-LOGO

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri ilk yarımildə 58 %-dən çox artıb

06 Aug 2026 14:09 3 baxış
IMG

Bu ilin yanvar-iyun aylarında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat məsrəfləri təxminən 41 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan"şirkətinin tərəfdaşları adından 2026-ci ilin birinci yarım ilinin nəticələrinə dair dərc etdiyi hesabatında qeyd edilib.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 milyon ABŞ dolları və ya 13,9 % çoxdur.

Bu ilin ilk altı ayı ərzində boru kəmərinin əsaslı xərcləri 19 milyon ABŞ dollarına bərabər olub. Bu rəqəm 2025-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 7 milyon ABŞ dolları və ya 58,3 % çoxdur.

İlin birinci yarısında CQBK-nin ixrac məqsədli gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyon kubmetr və ya 2,08 % çoxdur.

Xatırladaq ki, CQBK 2006-cı ilin sonunda fəaliyyətə başlayıb və "Şahdəniz" yatağından hasil edilən qazı Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edir. CQBK Genişləndirilmiş layihəsi isə kommersiya qaz həcmlərinin Türkiyəyə ötürülməsinə 2018-ci ilin iyun ayından, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb. Cari ilin iyulun 1-dən CQBK-nin ümumi operatorluq funksiyası "BP Exploration (Caspian Sea) Limited" şirkətindən SOCAR-ın törəmə strukturu olan "SOCAR Midstream Operations" MMC-yə ötürülüb. CQBK-nin sərmayədarları sırasında BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), TPAO (19 %) və NİKO (10 %) yer alır.

Mənbə: report.az

Xəbər lenti