Mingəçevirdə keçiriləcək "Kürü keçək?! 5" açıq suda üzmə yarışı üçün rekord sayda – 616 nəfər qeydiyyatdan keçib.
"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.
Yarışın ən gənc iştirakçısı 12, ən yaşlı iştirakçısı isə 79 yaşındadır.
"Kürü keçək?! 5" açıq suda üzmə yarışı avqustun 8-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Kür çayının sahilində təşkil olunacaq.
Qeyd olunub ki, turnir son illərdə Azərbaycanda açıq suda üzmə üzrə ən böyük kütləvi idman layihələrindən birinə çevrilib. Layihənin məqsədi sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, bu sahənin daha geniş yayılması və inkişafına töhfə verməkdir.
Mingəçevirdə beşinci dəfə təşkil ediləcək yarışa maraq 2022-ci ildən etibarən hər il artaraq bu il ən yüksək səviyyəyə çatıb. Bu il ilk dəfə yarış iki – 350 və 1000 metr məsafələr üzrə keçiriləcək. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparacaq.
Yarış kişilər və qadınlar arasında 12–17, 18–23, 24–35, 36–55, 56–70 və 71 yaşdan yuxarı olmaqla altı yaş kateqoriyası üzrə təşkil ediləcək. Hər yaş kateqoriyasında kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq.
Mənbə: report.az