Bu ilin birinci yarısında BP şirkəti və onun operator qismində fəaliyyət göstərdiyi birgə layihələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya proqramlarına təqribən 0,6 milyon ABŞ dolları həcmində vəsait xərcləyiblər.
"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından cari ilin birinci yarımilinin nəticələrinə dair yaydığı biznes hesabatında qeyd olunub.
Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 milyon ABŞ dolları, yəni 14,3 % az olub.
İlin ilk yarısı ərzində həyata keçirilən layihələrə hazırda davam edən 19 təhsil proqramı, yerli potensialın formalaşdırılmasını və sahibkarlığın gücləndirilməsini nəzərdə tutan 2 layihə, eləcə də ekoloji istiqamətdə 2 təşəbbüs daxil edilib.
Bundan başqa, BP ayrıca şirkət olaraq öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin birinci yarısında təqribən 0,9 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti sərf edib. Bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon ABŞ dolları, yəni 2,25 dəfə çox olub.
Bu layihələrin sırasına hazırda davam edən 19 təhsil təşəbbüsü, yerli bacarıqların formalaşdırılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ölkənin mədəni irsinin və idmanın təbliğinə yönəlmiş 5 layihə, ekoloji sahədə 1 təşəbbüs, həmçinin müxtəlif mövzuları əhatə edən 8 konfrans və seminara göstərilən dəstək - ümumilikdə 34 layihə daxildir.
Mənbə: report.az