İran və Oman tərəfindən təklif edilən, Hörmüz boğazında gəmiçiliyə Tehranın nəzarətinin gücləndirilməsini nəzərdə tutan plan ABŞ sanksiyaları və sığorta sahəsindəki məhdudiyyətlər səbəbindən praktiki olaraq icraedilməzdir.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilib ki, gəmiçilik sənayesinin nümayəndələri İran tərəfindən boğazdan gəmilərin keçidi üçün ödəniş tətbiq edilməsini ciddi hüquqi və maliyyə riski adlandırır.
Yüksəkvəzifəli İran mənbəsinin "Reuters"ə bildirdiyinə görə, Tehran daşınan yükün dəyərinin 5-7 %-i həcmində rüsum tətbiq olunmasına çalışır, halbuki Oman təqribən 3 % tarifini müzakirə edir, ABŞ isə keçid üçün hər hansı ödənişlərə qarşı çıxır.
Sənayedəki mənbələrin sözlərinə görə, bu cür rüsumların ödənilməsi Amerikanın İrana qarşı sanksiyalarının pozulması kimi qiymətləndirilə bilər ki, bu da sığorta şirkətlərinin sığorta təminatından imtina etməsinə gətirib çıxara, gəmi sahiblərini ciddi maliyyə və hüquqi nəticələr təhlükəsi qarşısında qoya bilər.
Daha əvvəl İran parlamentinin üzvü Əlirza Səlimi bildirib ki, Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin, davamlı inkişafının təmin edilməsi üzrə strateji tədbir planının ilkin mətninə Milli Təhlükəsizlik Komissiyasında baxılır. Onun sözlərinə görə, ABŞ ilə İsrailə məxsus gəmilərin Hörmüz boğazından keçməsi qadağan ediləcək.
Mənbə: report.az