ABŞ lideri Donald Tramp 2028-ci ilin prezident seçkilərində vitse-prezident Cey Di Vensi dəstəkləməyə çağırması barədə xəbərləri təkzib edib.
"Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evin Oval kabinetində çıxışı zamanı deyib.
"Bu barədə bir müddət əvvəl eşitmişəm. Düşünürəm ki, o, (Vens) möhtəşəmdir, amma indi bu barədə düşünmək çox tezdir", - Tramp "The Washington Post"un xəbərini şərh edərkən deyib.
Bundan əvvəl, "The Washington Post" iki məlumatlı mənbəyə istinadən, təxminən iki həftə əvvəl Trampın "son nəticədə Cey Di seçməliyik" dediyini xəbər verib.
Nəşr qeyd edib ki, son bir il ərzində Tramp həm vitse-prezident Cey Di Vens, həm də dövlət katibi Marko Rubionun potensial varis ola biləcəyini açıq şəkildə bildirib, lakin 2028-ci ilin seçkilərində Respublikaçılar Partiyasından kimin namizəd olacağını açıqlamayıb.
Vens özü hələ prezidentlik yarışında iştirak etmək planlarını açıqlamayıb. O, iyunda CBS-ə müsahibəsində aralıq seçkilərdən sonra bu məsələni həyat yoldaşı ilə müzakirə edəcəyini söyləyib və qərarından asılı olmayaraq Trampın dəstəyinə əmin olduğunu deyib.
Mənbə: report.az