Karakasda Venesuelanın müvəqqəti hökuməti ilə müxalifət nümayəndələri arasında ölkədə siyasi keçid və demokratik institutların bərpasına yönəlmiş danışıqlar başlayıb.
"Report"un CNN-ə istinadən məlumatına görə, danışıqlar əvvəlcə planlaşdırıldığı 1 avqustdan bir həftə sonra başlayıb. Dialoq ABŞ-nin dəstəyi ilə keçirilir.
Hökumət nümayəndə heyətinə Venesuela Milli Assambleyasının sədri, prezident vəzifəsini icra edən Delsi Rodriqezin qardaşı Xorxe Rodriqes rəhbərlik edir.
Müxalifət blokunu Milli Assambleyanın keçmiş üzvü Dinora Fiqera təmsil edir. Nümayəndə heyətinə əvvəllər ABŞ tərəfindən qanuni olaraq tanınan 2015-ci il çağırışından keçmiş parlament üzvləri daxildir.
Müxalifət liderləri Mariya Korina Maçado və prezidentliyə keçmiş namizəd Edmundo Qonsales Urrutia danışıqlarda iştirak etmir. Hər iki siyasətçi ölkə xaricindədir və dialoqu izləyəcəklərini, bunun seçkilərə səbəb olacağına ümid etdiklərini bildiriblər.
Tərəflərin demokratiyanın gücləndirilməsi, siyasi hüquqların təminatı və ölkənin iyunda baş verən dağıdıcı zəlzələlərdən sonra bərpası ilə bağlı məsələləri müzakirə etməsi gözlənilir.
Mənbə: report.az