IMG-LOGO

Salur Qazan xanın yuxusunu yaşamaq istəmirik - Sifayə Abbas yazır

07 Aug 2026 10:22 4 baxış
IMG
1 0

Metronun təmir müddətində istifadə olunacaq ekspress avtobusların ödənişsiz, yaxud güzəştli qiymətlə fəaliyyət göstərməyəcəyini eşidəndə istər-istəməz Salur Qazan xanın yuxusunu yaşadım, elə bil. Bunun kabus olmasını istədim, hələ də istəyirəm.

“Qardaşım Qaragünə, bu gecə yuxumda qara-qayğılı əhvalatlar gördüm. Gördüm ki, yumruğumda bir şahin çırpınıb, quşumu əlimdən alır. Hündür evimin üzərinə göydən ildırım çaxdığını gördüm. Qatı, qara dumanın düşərgəmin üstünü bürüdüyünü gördüm. Quduz qurdların evimi dəldiyini gördüm. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Gördüm ki, qara saçım qarğı kimi uzanır, uzandıqca gözümü örtür. Əllərimdə on barmağımı qan içində gördüm”.

Bu qədər bədiilik bəsdir. Biz bir yana, yediyimizdən-içdiyimizdən kəsib yola verərik, bəs tələbələr?

Ən yaxşı halda təqaüd alırlar, o da nə qədər? Necə demək olar ki, “vətəndaşlardan bu mövzuda həssas olmaqları xahiş olunur”.  Metro təmir olunur, anlayırıq, bu, zəruridir, ömür boyu rahatlıq üçündür. Amma bu müddətdə yaranacaq maddi xərclər də nəzərə alınmalı idi. 

Bizim insanlar indiyədək sıxlıqla da olsa, metrodan istifadə ediblər. Bu “diskomfort” hal onların həyat tərzinə çevrilmişdi. Bu yolla vaxtlarına və ciblərinə qənaət edirdilər. İndi isə həm yolları uzanacaq, həm də xərcləri artacaq. Bu halda cibdən çıxacaq əlavə pula necə həssas yanaşsınlar? 

Məsələn, “20 Yanvar”dan “Gənclik” istiqamətinə gedən tələbə ən yaxşı halda 1 manat 20 qəpik, bəzi hallarda isə 1 manat 80 qəpik təkcə bir istiqamət üçün xərc çəkəcək. Bu isə gün ərzində 2 manat 40 qəpik, yaxud 3 manat 60 qəpik edir. Bu, sadəcə universitetə gedib-qayıtmaq üçündür. Təsadüfən başqa istiqamətə də yolun düşsə… yox, düşməsin, xərcin artacaq. 

Cəmi-cümlətanı bir çıxışı olan “Nizami” metrostansiyasındakı sıxlıq bir yana, şəhərin mərkəzindəki yollar da bərbad günə düşəcək. Özümü təhsil alanların yerinə qoyuram. Hansısa insafdan xəbəri olmayan “müəllim” 5 dəqiqə gecikəndə qayibi adının qarşısına fəxrlə yazır. Nə olur, tələbə kəsilir, heç ailəsinə də deyə bilmir. Gecələr hansısa kafedə, “pub”da üç-beş qəpik qazanıb, kəsrini bağlayır. Evdən 2 dəqiqə gec çıxanda avtobusu, qatarı qaçırırsan bütün planların alt-üst olur. 

Qışda saatlarla marşrut gözlədiyimiz günləri unutmuşuq, yağış yağanda avtobusların qeybə çıxmasını yaddaşdan silmişik? Bunlar da bir qırağa, kirayə evlərin qiyməti “od tutub yanacaq”. Fürsətdən istifadə edən işbazlar kirayə evlərin də qiyməti ilə oynayacaq. “Nizami”, “28 May”da 700 manat olan evlər indi 1000-dən aşağı olan deyil. 

Düşünürəm ki, bu hal ixtisas seçiminə də təsir edəcək. Yüksək bal toplayıb, sırf filan universitet olsun, deyənləri nəzərdə tutmuram, lakin digərləri evlərinə yaxın yerdəki universitetləri seçəcək. “Dərnəgül” tərəfdən gələnlər “Elmlər Akademiyası” metrostansiyası tərəfdəki universitetlərə, “Həzi Aslanov” tərəfdən gələnlər isə digər universitetlərə üz tutacaq. Elə buna görə də bir ərazidəki insan sayı daha çox artacaq.

Heç olmasa, tələbələr üçün güzəşt mexanizmi tətbiq oluna bilər. “TələbəPlus” kartları artıq mövcuddur. Bu kartlar vasitəsilə ekspress avtobuslarda xüsusi güzəşt tətbiq edilməsi tələbələr üçün dəstək olar.

Düşünürlər ki, ekspress avtobuslar ödənişsiz olsa, hər kəs onlardan istifadə edəcək. Bunun da həlli var. Xüsusi kart sistemi tətbiq oluna bilər. Çiplər yerləşdirilən kartlar hazırlansa, kimin avtobusdan düşüb metroya mindiyini, kimin isə sadəcə “pulsuz”dur deyə bu haldan sui-istifadə etdiyini müəyyənləşdirmək olar. Axı bir çox xarici ölkədə belə, insanlar avtobusdan düşəndə sadəcə getdiyi dayanacaq qədər ödəniş edirlər. Bunun sxemi var.

Mən bakalavrda oxuyanda qaldığım ev “28 May” metrostansiyasının yaxınlığında, universitetimin qarşısında idi. Yol xərci çəkmirdim. Amma əlimdə olan pulun demək olar hamısı kirayəyə, kommunal xərclərə və yeməyə gedirdi. Hələ söhbət 2019-cu ildən gedir. Hər şeyin indikindən xeyli ucuz olduğu vaxtdan. Buna baxmayaraq, yenə də istədiyim kimi gəzməyə, əylənməyə imkan tapmırdım. Bəlkə də elə buna görə bu məsələyə bu qədər həssas yanaşıram. Tələbələri, onların valideynləri anlamaq çətin deyil.

Başqa bir variant da var. Biz on bir aylıq fors-major vəziyyətə uyğunlaşacağıq. Amma təhsil alan gəncləri də düşünmək lazımdır. Çoxu rayonlardan, kəndlərdən gəlir, kirayələrə pul tökür. Xatırlayırsınız, pandemiya dövründə onlayn təhsilə keçdik. Çətinliklər olsa da, oxuduq və sırf buna görə savadsız qalmadıq. Əksinə, bir çoxumuz həmin dövrdə öyrəndiklərimizi bu gün də xatırlayırıq. Deməli, hibrid təhsilə keçid fors-major hallarda bizdə alınır. İndi təhsil alanların dərsləri hibrid olsa, - mühazirələr onlayn, seminarlar əyani (həftədə beş, yox üç gün universitetə getmək) həm yollarda sıxlıq olmaz, həm də xərcləri azalar. 

Ümid edək ki, sadalanan məsələlərin heç olmasa biri həllini tapacaq. Onda bəlkə də Salur Qazan xanın yuxusunu real həyatda yaşamağa ehtiyac qalmaz. 

sosial xəbərlər metro gedişhaqqı avtobus tələbə

Mənbə: lent.az

Xəbər lenti