Rusiyanın enerji sektorunda yüksək vəzifəli şəxslərin adlarının hallandığı mümkün korrupsiya sxemi ilə bağlı yeni iddialar ortaya çıxıb.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvada hüquq-mühafizə orqanlarında çalışmış, daha sonra ölkənin iri enerji şirkətlərində rəhbər vəzifələr tutmuş Zaurbəy Cambulatovun ətrafında formalaşdığı iddia edilən qanunsuz pul yığımı sistemi barədə məlumat yayılıb.
Məlumata görə, Cambulatov yaxın çevrəsindən olan yüksək vəzifəli şəxslərdən birinin həbsindən sonra Rusiyanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə gedib.
İddialara əsasən, Cambulatovun rəhbərlik etdiyi deyilən sistemdə müxtəlif vəzifəli şəxslər iştirak edib. Onların arasında maliyyə axınlarına nəzarət edən və qanunsuz ödənişlərin toplanmasında vasitəçilik edən şəxslərin olduğu bildirilir.
Mənbənin iddiasına görə, sistem vasitəsilə vətəndaşlardan və şirkətlərə müraciət edən şəxslərdən müxtəlif formalarda qanunsuz ödənişlər alınıb. Cambulatovun Rusiyanı tərk etməsindən sonra isə bu ödənişlərin müvəqqəti dayandırılması barədə göstəriş verdiyi irəli sürülüb.
Məlumatda mümkün korrupsiya sxeminin enerji və neft şirkətlərində bağlanan müqavilələr və müxtəlif xidmətlərin göstərilməsi zamanı həyata keçirildiyi iddia olunur. Müqavilələrin, əlavə razılaşmaların və digər maliyyə sənədlərinin araşdırılmasının mümkün qanun pozuntularını üzə çıxara biləcəyi bildirilir.
Həmçinin bəzi layihələr üzrə şirkətlərə, dövlət büdcəsinə və üçüncü şəxslərə milyonlarla rubl məbləğində zərər dəydiyi iddia edilir.
Məlumatda səsləndirilən korrupsiya, rüşvət və qanunsuz pul yığımı ilə bağlı iddiaların hüquq-mühafizə orqanları tərəfindən təsdiqləndiyinə dair məlumat yoxdur.
Zaurbəy Cambulatov Rusiya neft şirkəti enerji sektoru kriminal qalmaqal korrupsiya iddiası rüşvət iddiası qanunsuz pul yığımı BƏƏ
Mənbə: lent.az