IMG-LOGO

Xərçəng xəstəliyi riskini azaltmağın ən sadə yolu

10 Aug 2026 10:59 2 baxış
IMG
0 0

Alimlər müəyyən ediblər ki, orqanizmdə D vitamininin yüksək səviyyədə olması onkoloji xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq alimlər qrupunun apardığı araşdırmada 40-69 yaş arasında olan 33 mindən çox yaponiyalının məlumatları təhlil edilib. Tədqiqat çərçivəsində iştirakçıların qan nümunələri, qidalanma vərdişləri, həyat tərzi və ailədə xərçəng xəstəliklərinin olub-olmaması araşdırılıb. Onlar 16 ildən çox müddətdə müşahidə edilib.

Alimlər yaş, çəki, fiziki aktivlik, siqaret çəkmə və alkoqol istifadəsi kimi amilləri də nəzərə alıblar. Nəticələr göstərib ki, orqanizmdə D vitamininin yüksək səviyyədə olması həm kişilərdə, həm də qadınlarda xərçəngə tutulma riskini təxminən 20 faiz azaldır.

Araşdırmaya görə, D vitamini xüsusilə qaraciyər xərçəngi riskinə daha güclü təsir göstərib. Belə ki, bu xərçəng növünün yaranma ehtimalı 30-50 faiz azalıb. Bu qoruyucu təsir kişilərdə daha qabarıq müşahidə olunub. Tədqiqat müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr D vitamininin xərçəngə qarşı qoruyucu təsir göstərdiyi fikrini dəstəkləyir.

Bununla yanaşı, onlar bildirirlər ki, belə təsirin müşahidə olunması üçün qanda D vitamininin səviyyəsi müəyyən həddən yüksək olmalıdır. Vitaminin aşağı səviyyədə olması isə eyni nəticəni verməyə bilər.

Alimlər qeyd ediblər ki, araşdırmada nəzərə alınmayan bəzi amillər yekun nəticələrə təsir göstərə bilər. Bununla belə, tədqiqatın böyük iştirakçı qrupu, uzunmüddətli müşahidə dövrü və qanda D vitamininin səviyyəsi ilə bağlı geniş məlumat bazası nəticələrin etibarlılığını artırır.

Sağlıq xəstəliklər xərçəng D vitamini

Mənbə: lent.az

Xəbər lenti