Bu gün turistlər orta əsr qalalarını ziyarət edərkən əsasən qalın divarlara, hündür qüllələrə və müdafiə istehkamlarına diqqət yetirirlər. Lakin həmin dövrün gündəlik həyatını anlamağa kömək edən maraqlı detallardan biri də qala divarlarının çıxıntılarında, yerdən təxminən 10 metr yüksəklikdə tikilən tualetlərdir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu tualetlər "qarderob" və ya privy adlanırdı. Onlar adətən deşikli taxta oturacaqdan ibarət olurdu. Oturacağın altında yerləşən şaquli şaxta vasitəsilə tullantılar çalaya, xəndəyə və ya birbaşa qala divarının dibinə axıdılırdı. Bu sistem tullantıların qala daxilində daşınmasına ehtiyac yaratmırdı.
Tualetlərin yüksəkdə yerləşdirilməsinin əsas səbəbi praktik idi. Bu üsul tullantıların yaşayış sahələrindən kənara çıxarılmasını asanlaşdırırdı. Bununla belə, belə şərait rahat hesab olunmurdu.
Divarların dibində və ya xəndəklərdə toplanan tullantılar, xüsusilə yay aylarında, kəskin üfunət qoxusuna səbəb olur, eyni zamanda çoxlu həşəratı cəlb edirdi. Pis qoxunu qismən azaltmaq üçün qala sakinləri ətirli otlardan, güllərdən istifadə edir, həmçinin kiçik havalandırma pəncərələri düzəldirdilər.
Üfunətdən hətta krallar da əziyyət çəkirdi
Bu problem o qədər ciddi idi ki, hökmdarlar da ondan yaxa qurtara bilmirdilər. Belə ki, XIII əsrdə İngiltərə kralı III Henri London Tauerinin komendantına müraciət edərək yeni tualetin tikilməsini əmr etmişdi. Səbəb köhnə tualetin uğursuz yerdə yerləşməsi və dözülməz qoxu yayması idi. Kral bu iş üçün dövrün şərtlərinə görə çox böyük məbləğ sayılan 100 funt sterlinq ayrılmasına icazə vermişdi.
Tualetlər müdafiə sisteminin də bir hissəsi idi
Orta əsr tualetlərinin şaxtaları bəzən gözlənilməz şəkildə müdafiə məqsədinə də xidmət edirdi. Onlar qala divarlarında yerləşdiyindən hücum edənlər adətən həmin hissələrdən qalxmağa cəsarət etmirdilər. Bununla belə, tarixdə istisna hadisə də qeydə alınıb. 1204-cü ildə Normandiyadakı Qayar qalasının mühasirəsi zamanı fransız döyüşçülərinin rəvayətə görə məhz belə şaxtalardan birindən qalaya daxil olduqları bildirilir. Bundan sonra həmin keçidin ağzı yenidən belə hal yaşanmaması üçün hörülərək bağlanmışdı.
Şəhərlərdə ictimai tualetlər necə idi?
Orta əsr şəhərlərində vəziyyət də çox fərqli deyildi. XV əsrə qədər Londonda fəaliyyət göstərən bəzi ictimai tualetlər körpülərin üzərində tikilirdi ki, tullantılar birbaşa çaya axıdılsın. Ən məşhur ictimai tualetlərdən biri Lonqhaus Uitinqton idi. Burada eyni vaxtda 128 nəfərdən istifadə edə bilirdi və qadınlarla kişilər üçün ayrıca bölmələr nəzərdə tutulmuşdu.
Müasir dövrdən baxanda orta əsr tualetləri primitiv və gigiyenik olmayan görünə bilər. Lakin kanalizasiya və su təchizatının olmadığı bir dövrdə bu sistem iri qalalarda və şəhərlərdə tullantıların uzaqlaşdırılması üçün ən praktik mühəndis həllərindən biri hesab olunurdu.
Maraq orta əsr tualetlərMənbə: lent.az